"İranın bombardman edilməsi İslam Respublikasında hakimiyyət dəyişikliyi ilə nəticələnməyəcək".
Visiontv.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron ABC telekanalına müsahibəsində deyib.
"Düşünürəm ki, İranda nüvə silahının olmaması hamımız üçün çox vacibdir. Mənim üçün əsas hədəf budur. Ölkəni bombalamaqla rejim dəyişikliyinin mümkün olacağına inanmıram və bu, işə yaramadığı üçün mənim üçün ən yaxşı seçim deyil. Son onilliklərdə biz artıq bir neçə dəfə belə səhvə yol vermişik", - deyə Makron qeyd edib.
Qeyd edək ki, İran hakimiyyəti daha öncə dəfələrlə nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan edib.
Makron həmçinin vurğulayıb ki, Fransa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq əməliyyatda iştirak etməyə hazırdır, bir şərtlə ki, bu təşəbbüs yalnız müdafiə xarakteri daşısın.
"Biz aydın və müstəsna olaraq müdafiə xarakterli konsepsiyaya malik beynəlxalq əməliyyata qoşulmağa hazırıq", - deyə o bildirib.
"Mən heç bir dövlətlə qarşıdurmada iştirak etmək istəmirəm. Lakin biz müəyyən obyektlərin qorunması və tədarük imkanlarının təmin edilməsi üçün daha fəal iştirak etməyə razıyıq", - Fransa prezidenti əlavə edib.
O həmçinin bildirib ki, rəsmi Paris ABŞ və İran arasında Hörmüz boğazı vasitəsilə normal tədarükün bərpasına imkan verəcək, həmçinin "dizel yanacağı, təyyarə yanacağı, neft və benzinə olan təzyiqi azaldacaq" razılaşmaların əldə olunmasına ümid edir.
Makronun sözlərinə görə, Fransa "bunun doğru seçim olmadığını" hesab etdiyi üçün İranla müharibədə iştirak etməmək qərarına gəlib.
visiontv.az