İsrailin baş naziri Binyamin Netanyahu Livanın cənubuna səfər edib. O, İranın müttəfiqi "Hizbullah" silahlı qruplaşmasına qarşı hərbi əməliyyatların davam edəcəyini bildirib. Bu açıqlama beynəlxalq atəşkəs çağırışları fonunda səslənib.
"Livanda təhlükəsizlik zonasında belə müharibə davam edir", – Netanyahu ofisinin yaydığı videoda deyib.
O, Livanın cənubuna müdafiə naziri İsrael Kats və Baş Qərargah rəisi Eyal Zamir ilə birlikdə gedib. Ancaq dəqiq harada olduqları açıqlanmayıb.
"Gördüyümüz odur ki, bu təhlükəsizlik zonası vasitəsilə Livandan mümkün hücumun qarşısını almışıq. Görüləsi hələ çox iş var və bunu edirik", –o bildirib.
Aprelin 14-də ABŞ, Livan və İsrail rəsmilərinin Vaşinqtonda birbaşa danışıqları planlaşdırılır.
Fevralın 28-də münaqişənin ilk günündə ABŞ-İsrailin hava zərbələri İranın ali liderini qətlə yetirəndən sonra İranla müttəfiq "Hizbullah" İsrailə raketlər atıb. Bununla Livan istəmədən Yaxın Şərq müharibəsinə cəlb olunub.
İsrail və ABŞ "Hizbullah"ı terror təşkilatı kimi tanıyır.
Livanın baş naziri Nəvaf Salam isə İsrail-"Hizbullah" münaqişəsini dayandırmağa çalışdığını bildirib.
"Bu müharibəni dayandırmaq və İsrail qoşunlarının bütün torpaqlarımızdan çıxmasını təmin etmək üçün işi davam etdirəcəyik", – Salam televiziya müraciətində deyib.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, müharibədə 2 min 50-dən çox ölən olub, onların arasında 165 uşaq və 80-dən çox səhiyyə işçisi var.
visiontv.az