İranda danışıqların uğursuzluğundan sonra yoxlama məntəqələri gücləndirildi
13.04.2026

Gunaz.tv-nin məlumatına görə; müvəqqəti atəşkəsin elan olunması və danışıqların ilk raundunun nəticəsiz başa çatması fonunda, İranda müxtəlif şəhərlərdə yoxlama məntəqələrinin gücləndirildiyini göstərən çoxsaylı ictimai hesabatlar yayılıb.

“X” sosial şəbəkəsi istifadəçilərinin yaydığı məlumatlara əsasən, bu məntəqələr Tehran, Kərəc, Qum, Save və Bəndər-Abbas kimi şəhərlərdə, xüsusilə də ölkənin qərb və şimal-qərb bölgələrində — Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan və Ərdəbil əyalətlərində daha intensiv şəkildə qurulub.

Məlumatlarda bildirilir ki, avtomobillər, çantalar, baqajlar tam şəkildə yoxlanılır, hətta mobil telefonların məzmununa qədər baxış keçirilir.

Yayılan hesabatlardan birində qeyd olunur: “İraqlı qüvvələr qadınları bədən yoxlamasından keçirir. Avtomobillər, baqajlar, çantalar və hətta telefonlar tam yoxlanılır.”
Digər istifadəçilər isə “Həşd əş-Şəbi” adlandırılan qüvvələrin qadınlara qarşı qeyri-münasib davrandığını bildirərək yazıblar: “Təhqir, alçaltma və bədən yoxlaması halları müşahidə olunur.”

Həmçinin bu məntəqələrdə narkotik asılılığı olan şəxslərin, azyaşlıların və yetkinlik yaşına çatmayanların istifadə edildiyi barədə məlumatlar yayılıb. Şahidlərin sözlərinə görə, bəzi şəxslər üzlərini örtərək, əlində döyüş silahları ilə bu məntəqələrdə yerləşdirilib. Yük maşınlarından yüksək səslə mərsiyələrin səsləndirilməsi də qorxu və gərginliyi artırıb.

Zəncan əyalətinin Xorrəmdərə şəhərində repressiv qüvvələrin Sepah mərkəzinə yaxın yerləşən məktəbdə yerləşdirildiyi, Müəllim meydanı və ətraf yollarında yoxlama məntəqələrinin qurulduğu bildirilir.
Şərqi Azərbaycanda Binab şəhərində, Müəllim meydanından Təbriz istiqamətində polis məntəqəsi qurulub.
Qərbi Azərbaycanın Bukan şəhərində (Bəykəndi) isə saat 21:30 radələrində şəhər girişində yoxlama məntəqəsi müşahidə edilib.
Urmiyə şəhərində də geniş yoxlamalar və bəzi şəxslərin saxlanılması barədə məlumatlar var.

Təbriz və ətraf bölgələrdən gələn məlumatlarda mülki geyimli şəxslərin, “Həşd əş-Şəbi” və “Hizbullah” bayraqları olan avtomobillərin küçələrdə hərəkət etdiyi və ciddi təhlükəsizlik narahatlığı yarandığı bildirilir. Bir istifadəçi yazıb: “Mülki geyimli şəxslər küçələrdədir, bayraqlı maşınlar isə müşayiətlə hərəkət edir.”

Bəzi məlumatlarda həmçinin “Həşd əş-Şəbi”, “Zeynəbiyun” və “Fatimiyun” qruplarının bayraqlarının avtomobil yolları üzərindəki körpülərin altında yerləşən yoxlama məntəqələrində göründüyü və qəsdən tıxac yaradıldığı qeyd olunur.

Tehran, Kərəc, Qum və Save şəhərlərində də gün ərzində çoxsaylı yoxlamalar, tam axtarışlar və ağır təhlükəsizlik mühitinin hökm sürdüyü bildirilir.

Bəzi hesabatlar bu məntəqələrdəki qüvvələrin tərkibində də dəyişiklik olduğunu göstərir; nizamlı hərbi qüvvələrin yerini nizamsız görkəmli şəxslər, çəfiyə bağlayanlar, yeniyetmələr və ya köhnə avadanlıqla təchiz olunmuş yaşlı şəxslər tutur.

Bu vəziyyət fonunda şəhərlərdə təhlükəsizlik hissinin zəiflədiyi, bir çox insanın zəruri olmadıqca evdən çıxmamağa üstünlük verdiyi bildirilir. Sosial şəbəkə istifadəçiləri mövcud vəziyyətlə bağlı narahatlıqlarını geniş şəkildə paylaşırlar.

Bu məlumatlar dərc olunanadək, yoxlama məntəqələrində xarici qüvvələrin iştirakı ilə bağlı rəsmi təsdiq verilməyib və mövcud məlumatların əsas hissəsi ictimai paylaşımlara əsaslanır.

visiontv.az