İran mediası: “Neft rıçaqı ilə Azərbaycana təsir etmək olar?”
19.02.2025

Beynəlxalq münasibətlər üzrə iranlı ekspert Mehdi Məhəmməd Montəser “Tasnim News”da çıxan məqaləsində qərəzli şəkildə yazıb ki, “son illərdə Tehranın xarici siyasətində ən enişli-yoxuşlu məsələlərdən biri İran və Azərbaycan arasında ikitərəfli əlaqələr olub”. Ekspertin sözlərinə görə, bu illər ərzində iki ölkə çox sayda siyasi və təhlükəsizlik çağırışları ilə üzləşib.

O, iddia edib ki, Bakı Zəngəzur dəhlizi və İsrailin Azərbaycanda təhlükəsizlik mövcudluğu kimi məsələlərlə İranın milli təhlükəsizliyini və strateji maraqlarını ciddi şəkildə təhdid edib. Guya İranın təhdidlərə yeganə təsirli cavabı “hərbi təlimlər keçirmək və Bakıya xəbərdarlıq mesajları vermək olub”.

Müəllif bildirib ki, İranla Azərbaycan arasında ticarət də əlverişsiz vəziyyətdədir. Ancaq onun sözlərinə görə, Tehran Bakıdan neft almaq və ya barter etmək üçün yüksək imkanlara malikdir və bu qarşılıqlı fəaliyyət həm də iqtisadi baxımdan faydalı ola bilər. Ekspertin fikrincə, bu proses gündə bir neçə min barel neftin alınması və tankerlə Təbriz neft emalı zavoduna daşınması ilə başlaya, sonra isə boru kəmərinin tikintisinə gətirib çıxara bilər.

O, habelə iddia edib ki, bu yolla İranın ehtiyacları daha az xərclə qarşılanacaq, Azərbaycan öz neftini daha ucuz ixrac edəcək və bu neftlə qarşılıqlı əlaqə İranın təsirinə rıçaq olacaq və iki ölkə arasında gərginliyi azaldacaq...

visiontv.az