Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) İranda etirazçılara qarşı törədilən qırğınlarla bağlı geniş hesabat yayıb və BMT Təhlükəsizlik Şurasını İran dosyesini Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa) göndərməyə çağırıb.
Təşkilatın hesabatı İranın 16 şəhərində 38 nəfərlə aparılmış müsahibələrə, İran daxilindəki üç, İran xaricindəki 16 məlumatlı mənbəyə, eləcə də 12 yanvarda ölkəni tərk etmiş bir şahidin ifadəsinə əsaslanır.
Qurumun vurğulamasına görə, bu müddətdə İranda görünməmiş miqyasda qətllər baş verib.
Beynəlxalq Əfv Təşkilatının baş katibi Aqnes Kallamard bildirib ki, “bu qan tökülməsi və cəzasızlıq dövrünə son qoyulmalıdır”. Onun sözlərinə görə, İran hakimiyyətinin əvvəlki etiraz dalğalarında da kobud insan haqları pozuntuları törətməsinə baxmayaraq, yanvarın 8-dən bəri qətllərin miqyası və intensivliyi görünməmiş səviyyəyə çatıb.
visiontv.az