İqtisadi münasibətlər pornoqrafiyanı legitimləşdirib
19.01.2026

Nəzəriyyədə yazılıb: Özünü ifadə azadlığı. Praktikada tətbiq olunan: Özünü ifadə çılpaqlığı!

Buradakı çılpaqlıq təkcə bədənə aid deyil, günün insanı hər şeyi ilə çılpaqdır və bu çılpaqlıqdan çörək, şöhrət, həzz qazanır.

İqtisadi münasibətlər pornoqrafiyanı legitimləşdirib.

Sosial şəbəkələrədə ictimai əxlaq anlayışı yox səviyyəsindədir.

Avropa bunun qarşısına yeni əxlaq və estetika fəlsəfəsiylə çıxır.

Biz cərimə və həbs qadağasıyla.

Çünki hədəflərimiz fərqlidir. Cərimə və həbsin hədəfi fərddir, fəlsəfənin hədəfi cəmiyyət.

Tarix sübut edir ki, din tükənəndir, allah dəyişkəndir. Yeganə tükənməyən mənəvi enerji fəlsəfə və ədəbiyyatdır.

"Azərbaycan mədəniyyəti 2040" konsepsiyasında ədəbiyyatın inkişafına kifayət qədər yer və diqqət ayrılsa da fəlsəfə adlı müstəqil bir yaradıcılıq sahəsinin varlığı belə xatırlanmır.

Çünki biz fəlsəfənin müstəqilliyini çoxdan əlindən almışıq, onu, bir növ, "mənəvi peyin" kimi yaradıcılığın digər ərazilərinə yaymışıq.

Cəmiyyəti fəlsəfəsizləşdirmişik. Ona görə ölkəyə ixrac olunmuş dini təriqətlər, məzhəblər çox rahat şəkildə Azərbaycanda özünə tərəfdar, qoçu yığa bilir.

Ona görə çılpaqlaşmanın, ifratlaşmanın, radikallaşmanın qarşısına polislə, qadağayla, qandalla çıxırıq.

Fəlsəfəni Bəxtiyar, Şəhriyar şerinin içində gizlədiyimizə görədir ki, sosioloji mövzular qalıb ictimai qeybətin umuduna.

Məncə, bizi fəlsəfənin ahı tutub. Fəlsəfənin haqqını özünə qaytarmalıyıq. Onun müstəqilliyini gec də olsa tanımalıyıq.

2040-cı ilə ədəbiyyatla deyil, fəlsəfəylə getməliyik. Mədəniyyətimizdə ədəbi boşluq yoxdur, fəlsəfi boşluq var.

Bütün ictimai biabırçılıqlar da o fəlsəfi boşluqda baş verir.

Aqşin Yenisey

visiontv.az