İran hakimiyyəti 2009-cu il prezident seçkilərindən sonra baş verən etirazlardan etibarən internetin kəsilməsini və məhdudlaşdırılmasını ictimai narazılıqların qarşısının alınması üçün əsas nəzarət vasitələrindən biri kimi tətbiq edir. Bu siyasət etirazların koordinasiyasını çətinləşdirmək, zorakı repressiyalarla bağlı məlumat axınını məhdudlaşdırmaq və beynəlxalq ictimaiyyətin diqqətini azaltmaq məqsədi daşıyır.
Lakin mövcud göstəricilər internetin uzunmüddətli və ümummilli şəkildə kəsilməsinin təkcə sosial və insan hüquqları baxımından deyil, eyni zamanda İran iqtisadiyyatı üçün də ciddi və davamlı itkilər yaratdığını göstərir. İnternetin monitorinqi üzrə ixtisaslaşmış NetBlocks təşkilatının hesablamalarına görə, İranda internetin kəsilməsi ölkə iqtisadiyyatına gündəlik orta hesabla 37 milyon ABŞ dollarından çox zərər vurur.
Hesablamalara əsasən, 8 yanvar tarixində axşam saatlarında başlanmış ümummilli internet kəsintisinin 16 yanvar saat 12:00-dək davam etməsi nəticəsində İran iqtisadiyyatına təxminən 285 milyon dollar birbaşa ziyan dəyib.
İnternetin fəaliyyətsiz qalması yalnız sosial şəbəkələrə çıxışı məhdudlaşdırmır, eyni zamanda gündəlik iqtisadi fəaliyyət üçün həyati əhəmiyyət daşıyan ödəniş sistemlərini, korporativ rabitəni və elektron ticarəti də ciddi şəkildə pozur. İranda minlərlə kiçik və orta biznes Instagram, WhatsApp və Telegram kimi platformalardan asılı vəziyyətdədir və bu xidmətlərin məhdudlaşdırılması milyonlarla insanın gəlir mənbəyinə birbaşa təsir göstərir.
Yayımlanan məlumatlara görə, internet kəsintisinin yaratdığı iqtisadi və texniki təzyiqlər artıq hakimiyyət daxilində də narazılıqlara səbəb olub. Rabitə və informasiya texnologiyaları sektorunda fəaliyyət göstərən bəzi şirkətlər, o cümlədən mobil operatorlar bu siyasətin uzunmüddətli nəticələri ilə bağlı rəsmi qurumlara xəbərdarlıqlar ediblər.
Müşahidəçilərin fikrincə, əvvəlki illərdə tətbiq edilən qısamüddətli və lokal internet məhdudiyyətlərindən fərqli olaraq, hazırkı ümummilli və uzunmüddətli kəsinti iqtisadi narazılığı daha da dərinləşdirə və yeni etiraz dalğalarının yaranmasına zəmin yarada bilər. Bildirilir ki, İran hakimiyyəti bu risklərin fərqindədir və mövcud siyasətin davamlılığı ilə bağlı ciddi dilemma ilə üz-üzədir.
visiontv.az