Hindistan dərman istehsalçılarının zavodları yeniləmək üçün birillik möhləti uzatmaqla bağlı xahişlərini rədd edib. Bunu "Reuters" dörd mənbəyə istinadla yazır. Bu yaxınlarda azı 24 uşağın yerli istehsal olan öskürək siropu içəndən sonra ölümü ictimaiyyətdə kəskin reaksiya yaradıb.
Yeni Dehli hələ 2023-cü ilin sonunda əczaçılıq şirkətlərinə göstəriş verib ki, zavodlarını Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına uyğunlaşdırsınlar. Buna isə Afrika və Orta Asiyada 140-dan çox uşağın ölümünün Hindistan istehsalı öskürək dərmanı ilə əlaqələndirilməsi səbəb olmuşdu.
Böyük əczaçılıq şirkətləri 2024-cü ilin iyununacan tələbi yerinə yetirsələr də, daha kiçik şirkətlərə 12 aylıq əlavə möhlət verilib. Bəzi şirkətlər möhlətin uzadılmasını istəyirlər, xərclərin onların bizneslərini iflas etdirəcəyini deyirlər.
"Coldrif" siropunun istehsalçısı "Sresan Pharmaceutical Manufacturer" şirkətinin zavodları yeniləmədiyi üzə çıxınca, hökumət həmin xahişləri rədd edib. Bu siropda zəhərlilik səviyyəsinin yüksək olduğunu testlər təsdiqləyib.
Hindistanın 50 milyard dollarlıq əczaçılıq sənayesində 3 minədək şirkət 10 mindən çox zavodu idarə edir.
Amma hökumətin statistikasına görə, ölkədə istehsal olunan dərmanların çoxu üçün təxminən 20 şirkət məsuliyyət daşıyır. Qalan 40 faizini orta və kiçik müəssisələr istehsal edir.
"Reuters" yazır ki, Hindistanda səhiyyə işçiləri qapı-qapı gəzərək sakinləri "Coldrif"in qalan butulkalarını təhvil alırlar. Bu dərmanı vəfat edən uşaqlardan bir neçəsinə təyin etmiş həkim isə saxlanılıb.
visiontv.az