Prezidentin köməkçisi: Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi
01.05.2026

Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi.

 Bunu  Azərbaycan Prezidentinin köməkçisi - Prezident  Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağa Universitetində diplomatik korpus nümayəndələrinin qarşısında çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan sülhə doğru irəliləyir və beynəlxalq tərəfdaşlar regionu köhnə narrativlərə qaytarmamalıdır: “Biz bütün tərəfdaşlarımızı sülh gündəliyimizi dəstəkləməyə çağırırıq. Regionu köhnə narrativlərə qaytarmaq cəhdləri faydalı deyil və əks nəticə verir”.

Hikmət Hacıyev qeyd edib ki, Cənubi Qafqazda yeni status-kvo formalaşıb və bu reallıq beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin tarixi ədalətə əsaslanır.

O, xüsusilə  Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini diqqətə çatdırıb.

“Dünən və ondan əvvəlki gün  Ermənistan-Azərbaycan münasibətlərində növbəti tarixi an yaşandı. Azərbaycanın  Baş nazirinin müavini yarırəsmi səfərlə Ermənistan Respublikasına getdi. Hər iki tərəf müxtəlif istiqamətlər üzrə hökumətlərarası müzakirələr apardı”, – Prezidentin köməkçisi bildirib.

Onun sözlərinə görə, müzakirələr iqtisadi-ticarət əlaqələri, siyasi dialoq, sərhədlərin delimitasiyası və sərhəd əməkdaşlığı məsələlərini əhatə edib.

Hikmət Hacıyev əlavə edib ki, artıq  Azərbaycan üzərindən tranzit yüklərin Ermənistana çatdırılması yeni reallığa çevrilir: “Dünən müəyyən mallar  Azərbaycan ərazisindən tranzit keçməklə  Ermənistana çatdırıldı. Bu, artıq yeni norma və yeni reallıqdır”.

O qeyd edib ki, iki ölkənin biznes dairələri də müəyyən məhsulların idxalı istiqamətində əməkdaşlıq üzərində işləyirlər: “Ermənistan və  Azərbaycan arasında münaqişənin həlli hər iki ölkə üçün daha geniş mənada təhlükəsizlik və sabitlik təmin edir”.

Hikmət Hacıyev əlavə edib ki, Qarabağda yeni həyat qurulur və bölgə sürətlə inkişaf edir: “Bu gün biz  Qarabağ Universitetindəyik. Burada gənc simaları görürük. Xankəndi yeni sima və yeni həyat qazanır”.

visiontv.az