Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan vəkil və milli fəal Yılmaz Mehrəlibəylinin dindirmə iclası keçirilib.
Bununla bağlı onun yaxınları məlumat yayıb.
Məlumata görə, dindirmə Culfa şəhərinin İctimai və İnqilabi Prokurorluğunun Birinci İstintaq Şöbəsində baş tutub.
Yılmaz Mehrəlibəyli dindirmə iclasında "ictimai rəyi pozmaq" ittihamına görə müdafiə çıxışı edib. Ona qarşı irəli sürülən ittiham, edam cəzasına məhkum edilmiş təbrizli tələbə Ehsan Fəridinin vəziyyəti ilə bağlı paylaşımlarına əsaslanır.
Qeyd edək ki, Yılmaz Mehrəlibəyli bundan əvvəl iyulun 21-də həbs edilərək Təbrizin təhlükəsizlik təcridxanasının istintaq bölməsinə, bir neçə gün sonra isə Culfa həbsxanasına köçürüb və avqustun 3-də 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
İxtisasca vəkil olan Mehrəlibəylinin iş lisenziyası onun insan haqları sahəsindəki fəaliyyətlərinə görə ləğv edilib.
visiontv.az