Bu gün İmam Həsənin (ə) doğum günüdür
28.04.2021

Hicri-qəməri təqvimi ilə mübarək ramazan ayının 15-i müsəlmanların ikinci imamı Həsən ibni Əlinin(ə) mövlud günüdür. Visiontv.az xəbər verir ki, İmam Həsən(ə) hicrətin 3-cü ilində ramazan ayının 15-də Mədinədə dünyaya göz açıb və hicrətin 50-ci ilində səfər ayının 27-də şəhid edilib.

İmamın künyəsi Əbu-Məhəmməd, ləqəbləri isə bunlar idi: Seyid Şəbab əhlil-cənnə, Müctəba, əz-Zəkiyy, Seyyid, əs-Sibt.

İmam Həsən simadan peyğəmbərə çox bənzəyirdi. O dərəcə də ki, bir gün Əbu-Bəkr bin Quhafə onu görəndə təəccübləndi onu qucağına götürüb, dedi: “Sən Əli deyil, peyğəmbərə oxşayırsan” (Sunən Tirmizi, cild-5, səh-59)

İmam Həsənin adının qoyulması haqqında Şeyx Səduq belə rəvayət etmişdir: Həsən ibni Əli dünyaya gələndə, Allah Cəbrailə xəbər buyurdu ki, Məhəmmədin (s) bir övladı (nəvəsi) oldu. Onun yanına get və salamlarımı və təbriklərimi təqdim edərək belə de: Şübhəsiz, Əlinin (ə) sənə olan nisbəti və mövqeyi, Harunun Musaya olan nisbəti və mövqeyi kimidir; Elə isə ona (İmam Həsən) Harunun uşağına qoyduğu adı qoy. Cəbrail Allah tərəfindən Həzrət Peyğəmbərin (s) yanına gələrək təbriklərini çatdırdıqdan sonra belə dedi: Allah, onun adını Harunun uşağının adını qoymaqla vəzifələndirdi. Həzrət Peyğəmbər (s): Harunun uşağının adı nədir? Deyə soruşdu. Ərz etdi ki: Şubbər. Buyurdu ki: Mənim dilim Ərəbcədir. Ərz etdi ki: Onun adını "Həsən" qoy. Beləliklə, Həzrət Peyğəmbər onun adını Həsən qoydu. (Əmali, Şeyx Səduq, səh-134)

İmam Həsən şəhid edildikdən sonra Bəqi qəbirsanlığında dəfn edildi. İmam Hüseyn (ə) qardaşı İmam Həsəni Peyğəmbərin məzarının yanında dəfn etmək istəsə də Ayişə bint Əbu-bəkr buna mane oldu.

Hazırda İmamın məzarı Peyğəmbərin məzarından bir neçə yüz metr aralıda yerləşən Bəqi məzarlığındadır. Ötən əsrin əvvəllərində Bəqi qəbirsanlığı xüsusilə də imamın olduğu hissə radikal vəhhabilər tərəfindən dağıntılara məruz qalıb. Burada İmam Həsənlə yanaşı İmam Səccad, İmam Sadiq və İmam Baqirin də məzarı var.