Sosial şəbəkələrdə bəyənilən hekayə danışılan hekayədir
01.05.2024

Yazıçı ustalığı ilk növbədə mətndə yazılı dili şifahi dildən ayıra bilməklə özünü göstərir.

Şifahi dil xalq dilidir, heç bir elmi, fəlsəfi, sosioloji, psixoloji, mifik, arxetipik, psixoanalitik və s. öhdəliyi yoxdur.

Yazılı dil fərdi dildir, elmi, fəlsəfi, sosioloji, psixoloji, mifik, arxetipik, psixoanalitik və s. öhdəlikləri var.

Doğma vətənimizdə yazılarımı redəktəyə verməməyimin bircə səbəbi var: redaktorlarımızın redəktə adı altında yazılı dili şifahiləşdirməsi. (əlbəttə ki, hamısı deyil)

Bu gün Azərbaycanda yazılan hekayələrin, hətta romanların böyük çoxluğu şifahi dildə, yəni xalq dilində yazılır. Bu dilimizin təpəsinə vurulan ən böyük ədəbi qapazdır.

Bu gün sosial şəbəkələrin dili danışıq dilidir. Bəziləri orada yazdığını zənn edir, yanılır, siz sosial şəbəkələrdə, sadəcə, yazaraq danışırsınız. Nitqinizi əllərinizlə söyləyirsiniz. Sosial şəbəkədəki diliniz ağzınızdakı dildir, beyninizdəki dil deyil. Sosial şəbəkələrdə yazı dilinə layk gəlməz.

Sosial şəbəkələrdə bəyənilən hekayə Danışılan hekayədir,

Yazılan hekayə deyildir.

Danışılan hekayə qədimdir, mifdir, dastandır, rəvayətdir, hadisəçilikdir. Yazıya köçürülən nitqdir. Dili bəsit və yalındır. Məqsəd gördüyün, yaxud eşitdiyin və ya uydurduğun hadisəni danışmaqdır. Müəllifin prosesə müdaxilə etmək icazəsi yoxdur.

Danışılan hekayə “nə danışmaq” məsələsidir.

Yazılan hekayə çağdaşdır, elmidir, fəlsəfidir, sosiolojidir, psixolojidir, təhlildir, analizdir, araşdırmadır. Bəsit nitqin deyil, mürəkkəb yazılı dilin potensialında yazılır. Müəllifin prosesə müdaxiləsi mümkündür.

Yazılan hekayə “necə yazmaq” məsələsidir.

Bu gün Azərbaycan ədəbiyyatı milli folklorik bəsitlikdən canını qurtarmamış qlobal folklorik bəsitliyin tələsinə düşüb. Hər iki halda müəllif kölədir.

Bir 11 nəfər və platforma şəkili ola bilər

Artıq bir ədəbiyyat platformasına çevrilən “Ədibin evi”nın təşkil etdiyi Mir Cəlal adına IV hekayə müsabiqəsinin qalibləri mükafatlandırıldı. Müsabiqədən sonra müxtəlif bölgələrdən gələn müəlliflərlə ayaqüstü söhbətlərdən belə bir fikrə gəldim ki, ölkədə istedad var, məktəb yoxdur. Məsələn, tədbirə qatılan bəzi müəlliflər mənim çıxışımdan sonra yaxınlaşıb danışılan və yazılan hekayənin daha başqa fərqlərini soruşurdular.

Peşəkar mətnlərə diqqət artsa Azərbaycanda bütün problemlər öz-özünə həll olunacaq.

Aqşin Yenisey

visiontv.az