BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk 2024-cü ildə İranda ən azı 901 nəfərin edam olunduğunu açıqlayıb.
O, vəziyyəti son dərəcə narahatedici adlandırıb və bildirib ki, dekabrda cəmi bir həftə ərzində İranda 40-a yaxın insan dar ağacından asılıb.
Volker Türk açıqlama verib: “İranda edam hökmlərinin sayı ildən-ilə artır. İranın bu edam dalğasına son qoymasının vaxtı çatıb”.
BMT-nin məlumatına görə, ötən il İranda edamların əksəriyyəti narkotik cinayətləri və qətllərlə bağlı olub. Bununla belə, edam edilənlər arasında 2022-ci il xalq etirazları ilə əlaqəli vətəndaşlar da var.
Qeyd edək ki, İslam Respublikası dünyada ölüm hökmlərinin sayına görə Çindən sonra ikinci yerdədir.
visiontv.az