ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hökumətin xərclərini azaltmaq istəyir. Hökumətin Səmərəliliyi Departamenti adlı təklif edilən məsləhət komissiyası bu səylərə rəhbərlik edəcək. Bu, yeni konsepsiya deyil. Belə ki, Amerika liderləri demək olar elə ən əvvəldən hökumətin rolunu azaltmağa çalışıb. Mövzunu Amerikanın Səsinin müxbiri Dora Mekvar işıqlandırır.
Milyarder biznesmen İlon Mask federal xərcləri 2 trilyon dollar azaltmaq istəyir. O, Donald Trampın təklif etdiyi prezident məsləhət komissiyasının Hökumətin Səmərəliliyi Departamentinin həmsədri olacaq.
Bu, ABŞ administrasiyasının dövlət xərclərini azaltmağı vəd etdiyi ilk hal deyil.
“Prezidentlər respublika qurulandan bəri bu və ya digər şəkildə hökumətin rolunun azaldılması və ya ixtisara salınmasından danışırlar”, Kostal Karolina Universitetindən Castin Von bildirib.
Bu, 1800-cü illərin əvvəllərində Amerikanın üçüncü prezidenti Tomas Ceffersonla başlayıb. Cefferson bəzi hərbi və hökumət işlərini ləğv edərək, xərcləri müvəqqəti olaraq azaldıb.
1930-cu illərdə Franklin Delano Ruzvelt Böyük Depressiya ilə mübarizə aparmaq üçün federal işçi qüvvəsini genişləndirmişdi. Ruzveltin Yeni Sövdələşməsi milyonlarla insanı işə götürmüş, iqtisadiyyatı stimullaşdıraraq yoxsullara kömək etmişdi. Böhran bitəndə isə işlər dayandırılmışdı.
1980-ci illərdə Ronald Reyqan 150-yə yaxın biznes liderindən ibarət qrupdan səmərəsizliyi aradan qaldırmağın yollarını tapmağı istəyərək Grace (Qreys) Komissiyası yaratmışdı.
“Prezident Reyqan Grace Komissiyasından hökumətə onun daha çox biznes kimi işləməsi üçün baxmasını istəmişdi”, Vətəndaşlar Hökumət İsrafına Qarşı qurumundan Tom Şats bildirib.
Lakin Ronald Reyqan Prezident Kitabxanasının saytında deyilir: “Tövsiyələrin çoxu, xüsusən də Konqresdən qanunvericilik tələbləri heç vaxt yerinə yetirilməmişdi”.
Yenə də bəzi tarixçilər deyirlər ki, Reyqan milli söhbəti ictimai problemlərin həllində federal hökumətin daha kiçik rolunun xeyrinə dəyişməyə müvəffəq olub.
"Əvvəlki əsrlə müqayisədə cəmiyyətdə hökumətin rolunun genişləməsi məsələsində fundamental dəyişiklik idi", Castin Von deyib.
1990-cı illərdə Bill Klinton təqribən 300 min federal iş yerinin ixtisar edilməsinə çalışmışdı - əsasən də təqaüdə çıxmaq və xidmətlərin outsorsinqi hesabına.
“Şübhəsiz ki, müasir dövrdə hökumətin rolunu azaltmaq baxımından daha əhəmiyyətli idarələrdən biridir”, Castin Von qeyd edib.
Donald Tramp ilk səlahiyyət müddətində federal işə qəbulun dondurulmasını və digər ixtisarların aparılmasına dair qərar vermişdi. İndi o, Hökumətin Səmərəliliyi Departamentinin işi bitirməsini istəyir. Bəziləri hökuməti idarə etmək üçün işgüzar yanaşmanın müdrikliyini şübhə altına alır.
"Hökumət olanda xalq qarşısında cavabdehsiniz və məqsədiniz pul qazanmaq deyil. Sizin məqsədiniz xidmət göstərmək və milləti müdafiə etməkdir. Özəl sektorda çoxlu fırıldaqçılıq və israfçılıq var, ona görə də əmin deyiləm ki, iş adamları fırıldaqçılıq və israfçılığı aşkar etmək üçün mütləq ən uyğun insanlardır”, Amerika Tarix Assosiasiyasından Ceyms Qrosman bildirib.
Tramp və Mask hökumət işçilərini azaltmaq üçün keçmiş səylər zamanı mövcud olmayan fikirləri çatdırmaq üçün bir vasitədən istifadə edirlər.
“Sosial media sayəsində daha sürətli və daha əhatəli reaksiya ola bilər. Konqres üzvləri əvvəllər aldıqları köhnə məktublardan daha çox sosial mediaya cavab verirlər”, Tom Şants deyib.
Bir çox hallarda hər bir ixtisardan əvvəl məsələ Konqresdə razılaşdırılmalıdır.
visiontv.az