Altı ayda zərərli kontent yayan iki minə yaxın internet resursu aşkarlanıb
12.03.2026

"Elektron Təhlükəsizlik Xidməti son 6 ay ərzində zərərli kontent yayan 2 000-ə yaxın internet resursu müəyyən edilərək məhdudlaşdırıb. 184 "web defacement"lə real DDoS hücumları operativ şəkildə zərərsizləşdirilib. 1.5 milyondan artıq məlumat sızıntısı faktları aşkarlanaraq müvafiq reaksiya tədbirləri həyata keçirilib".

Bu  fikirləri  Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" adlı tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib. 

O bildirib ki, bu müdafiə sisteminin tamamlayıcı hissəsi isə vətəndaşların rəqəmsal savadlılığının artırılmasıdır:

"Dövlətin kiber müdafiə mexanizmləri nə qədər güclü olsa da, son nöqtədə qərarı vətəndaşın özü verir. Rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarını bilmək, şəxsi məlumatlara düzgün rəftar etmək, onlayn xidmətlərdən məsuliyyətlə yararlanmaq istehlakçı hüquqlarının qorunmasında dövlət tədbirləri qədər vacibdir. Elektron ticarətin sürətlə genişləndiyi, dövlət xidmətlərinin onlayn platformalara köçürüldüyü bir dövrdə istehlakçıların hüquqlarının qorunması yalnız qanunvericilik məsələləri ilə deyil, həm də rəqəmsal infrastrukturun keyfiyyəti ilə bağlı məsələdir".

O əlavə edib ki, şəxsi məlumatların qorunması, təhlükəsiz ödəniş mexanizmləri, xidmətlərin şəffaflığı və etibarlılığı, rəqəmsal platformaların mövcudluğu müasir istehlakçı hüquqlarının əsas sütunudur:

"Bu gün elektron ticarət platformalarında xidmət və məhsul alan istehlakçıların hüquqlarının qorunması, şəffaf müqavilə şərtlərinin təmin edilməsi və təhlükəsiz ödəniş mexanizmlərinin mövcudluğu xüsusi diqqət tələb edir. Dövlət tərəfindən həyata keçirilən rəqəmsal transformasiya tədbirləri məhz bu sahədə etibarlı və təhlükəsiz mühitin formalaşmasına birbaşa xidmət edir. Bu mühitin dayanıqlı və davamlı olması üçün kiber təhlükəsizlik məsələləri çox vacibdir. Aktiv müdafiə mexanizmləri olmadan qurulmuş hər hansı rəqəmsal infrastruktur tam mənada etibarlı sayıla bilməz".

S.Məmmədov sonda qeyd edib ki, etibarlı rəqəmsal identifikasiya və məlumat müdafiəsi mexanizmləri eyni zamanda elektron ticarət mühitinin sağlam inkişafının əsas hissəsini təşkil edir:

"Çünki istehlakçının onlayn platformada alış-veriş edərkən ehtiyac duyduğu əsas şey məhz bu iki məsələdir: kimliyin doğruluğuna inam və məlumatların qorunacağına zəmanət. Bu zəmin mövcud olduqda elektron ticarət iqtisadi imkana çevrilir, olmadıqda isə təbii ki, risk mənbəyinə çevrilir".

visiontv.az