ADA-dan dünyaya: ABŞ-dan yarımadaya...
07.12.2023

Bugünlərdə yəqin bütün digər siyasi mövzular növbədənkənar Prezident seçkisi mövzusunun kölgəsində qalacaq. Bunu təbii qarşılasaq da, etiraf edək ki, dünən baş vermiş iki önəmli hadisə özünə diqqət tələb edir və bu diqqət qarşı günlərdə də davam edəcək.

Dünən ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib və yenə dünən Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynı qəbul edib.

ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə bu universitetin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sözügedən Forumda ünlü beyin, araşdırma mərkəzlərini təmsilən 60-dan çox xarici qonaq iştirak edib. Forum işğaldan azad olunmuş ərazilərə qayıdış sürəcinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini, eləcə də, Azərbaycanda beynəlxalq təcrübənin tətbiqini müzakirə etmək baxımından önəmli imkan kimi səciyyəvidir. Bəli, məcburi köçkünlərin evə ləyaqətli dönüşü ilə bağlı beyin mərkəzlərinin iştirakı ilə müzakirə aparılması özlüyündə bir hadisədir. İştirakçılar ADA-dakı müzakirələrdən öncə Zəngilanda olub, Ermənistan işğalının izlərini və Azərbaycan quruculuğunun təntənəsini öz gözləri ilə görüb. İndi təsəvvür edin: bizim bölgəmiz üzrə ixtisaslaşmış, habelə daha geniş coğrafiya ilə məşğul olan araşdırmaçılar, təhlilçilər həm özləri səhih bilgilər aldı, həm də, onların sualları, düşüncələri, fikirləri ümumi iş üçün faydalıdır.

O da yaxşı yadımızdadır ki, Prezidentin daha öncəki illərdə, özəlliklə 2020-ci ildən bəri iştirak etdiyi forum, konfrans, debat və digər tədbirlərdəki ismarıcları beynəlxalq qurumlarda, xarici səfərlərdə, rəsmi dövlət tədbirlərində biləvasitə verdiyi ismarıclar qədər təsirli, nüfuzedici olub. Artıq ADA Universiteti də özünəxas  beynəlxalq platformalar oluşdurma imkanları ilə çıxış etməkdədir və bu, əlbəttə, təqdirəlayiqdir. Prezidentin ismarıclarının (və imzası qədər keçərli sözlərinin) yalnız ötən dönəmləri əhatə etmədiyini, eynigüclə gələcək yol xəritəsini də cızdığını bilirik. Qoy, Prezidentin ADA-dan Avrasiyaya, bütün beynəlxalq birliyə ismarıcları maraqlı tərəflərcə qeyd edilsin, öyrənilsin və nəzərə alınsın. Nəzərə alınsın ki, Dəmir Yumruq xəbərdarlıq edir, zarafat etmir! Yəni “əvəzçıxma”, “pay qopartma”, “daha çox istəyib, mümkün olanı əldə etmə” kimi erməni biclikləri, havadarlarının yalançı havaları illa keçərsiz olacaq. Biz bildiyimizi bilirik, çünki gördüyümüzü görmüşük. Bu gün, sabah nə deyə bilərlərsə, başımız altda necə qu tükündən balınc qoyma eyləmi içində olarlarsa olsunlar – (onlara) xeyri yoxdur; uzaqbaşı 30 il boyunca dedikləri, etdikləri təkrar oluna bilər, onlar da (necə deyərlər) əzbərimizdədir. Artıq bütün erməni havadarları – iriliyindən, xırdalığından asılı olmayarq, anlasın ki, Azərbaycanla təzyiq (sanksiya), təhrik, hədə üslubunda (üslubsuzluğunda!) danışmağın dərin anlamı yoxdur. Zira, dayaz işlərlə də heç uğraşmasınlar...  

 

İkinci hadisə isə (artıq vurğuladığımız kimi) ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Prezident İlham Əliyevin qəbuluna gəlməsidir. Bu barədə ABŞ Dövlət katibi Blinken az öncə Prezidentdən xahiş etmişdi. ABŞ-Azərbaycan əlaqələrini olumlu axardan elə ABŞ tərəfi özü çıxarmışdı, indi də zəhmət çəkib normal axara qaytarmağa çalışırlar. Çalışsınlar...

Bəli, Güney Qafqaz bölgəsində yeni gerçəkliklər yaranıb və ABŞ da bu gerçəkliyi qəbul edib.

ABŞ-dan müəyyən anlaşılmaz siqnallar gəlirdi, sonra o siqnallar gərəksiz çağırışlara, yanlış qərarlara çevrilmə mərhələsinə keçdi və əlbəttə, Azərbaycan öz prinsipial mövqeyini ortaya qoymalı oldu! ABŞ-da qısa müddətdə idrak etdilər ki, Azərbaycanla bu tərzdə - təzyiq, təhrik formasında davranmaq fayda verməz və münasibətləri davam etdirməkçün təxirəsalınmaz addımlar atılmalıdır.

 

Azərbaycanın öz suverenliyini bərpa etməsi ilə yaranan yeni gerçəkliklər ortamında Ermənistanla sülh üçün yaxşı imkanlar yaranıb. O Ermənistan ki Fransanın tam, Rusiyanın zəifləməkdə və ABŞ-ın güclənməkdə olan dəstəyi ilə bəslənməkdədir. Bax, Amerika artan dəstəklə bəsləməkdə olduğu Ermənistanın sülhə nə qədər ehtiyacı olduğunu çox yaxşı bilir və bunu idrakən də münasibətləri irəliyə doğru aparmalıdır. O’Braynın səfəri də bu özəllikdə bir önəmə, vurğuya malikdir. Onu da vurğulayaq ki, Ceyms O’Brayn bu dəfə digər Güney Qafqaz respublikalarına deyil, yalnız Azərbaycana səfərə gəldi, ardınca da Rumıniyaya səfər etdi...

Budur, ABŞ-Azərbaycan əlaqələri özünün öncəki səviyyəsinə qayıtmaqdadır. Bəli, artıq qarşılıqlı olaraq, ABŞ-dan Azərbaycana, Azərbaycandan ABŞ-a dövlət rəsmilərinin səfəri bərpa olunur. Bu isə ikitərəfli münasibətlərin olumlu axında davam və inkişaf etdirilməsi üçün zəruridir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı

Visiontv.az