Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnarın çərşənbə günü bildirdiyinə görə, Ukrayna bu ilin sonuna qədər yeni sülh sammiti keçirmək niyyətindədir və Rusiyanın da həmin sammitdə iştirakını istəyir. Eyni zamanda, o, bu görüş zamanı Moskva ilə birbaşa ikitərəfli danışıqların mümkünlüyünü istisna edib.
Xatırladaq ki, Ukrayna Volodimir Zelenskinin "qələbə planını" həyata keçirməyə çalışır. Vladimir Putin sülh danışıqlarının Kyivin Moskvanın iddia etdiyi ərazinin əhəmiyyətli hissəsindən, eləcə də NATO-ya daxil olmaq niyyətindən imtina etməyə razı olduğu halda baş tuta biləcəyini bildirib.
Bodnar Ankarada keçirdiyi brifinqdə "Bu sammitin ən mühüm məqsədlərindən biri Ukraynada ədalətli sülhə nail olmaqdır. Biz Ukrayna və Rusiyanın qarşı-qarşıya oturduğu və Ukraynanın Rusiyanın tələblərinə qulaq asdığı formatdan danışmırıq" deyib.
"İndi biz aşağıdakıları - beynəlxalq ictimaiyyətin Ukrayna ilə birlikdə bir araya gələrək, Ukraynada ədalətli sülhün bərqərar olması üçün atılacaq addımların siyahısını tərtib edəcəyini görürük. Bu siyahı əsasında onlar Rusiyaya hansı tələbləri təqdim edəcəklərini müzakirə edəcəklər. Bu, birbaşa ikitərəfli görüş olmayacaq. Çox güman ki, üçüncü dövlətlərin iştirak edəcəyi formatda baş tutacaq və üçüncü ölkələr vasitəsilə (danışıqlar) aparılacaq. Ümid edirik ki, bu sammiti ilin sonuna qədər keçirəcəyik" - deyə, Bodnar bildirib.
Bodnar qeyd edib ki, müharibə zamanı həm Ukrayna, həm də Rusiya ilə səmimi münasibətləri saxlamağa çalışan Türkiyə digər münaqişələrdə vasitəçilik təcrübəsinə görə konfransın mühüm iştirakçısı olacaq.
NATO üzvü olan Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək, işğalı pisləmək və Kyivə hərbi dəstək verməklə yanaşı, Qərbin Rusiyaya qarşı sanksiyalarına qarşı çıxır.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirakı gözlənilir. Türkiyəli diplomatik mənbənin bildirdiyinə görə, o, Ankaranın istənilən sülh danışıqlarının "ədalətli və davamlı" həlli üçün hər iki tərəfi əhatə etməli olan mövqeyini bir daha bəyan edəcək.
visiontv.az