Şamaxıda “Yaşıl dünya naminən həmrəylik ili” çərçivəsində konfrans keçirilib
06.05.2024

Şamaxı şəhəri 2 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində” Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı tədbir keçirilib.

300-ə yaxın müəllimin iştirakı ilə keçirilən konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 
 
Daha sonra tədbirin rəsmi hissəsinə start verilib. Beləki, ilk olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev çıxış edərək gənc müəllimlərimizin bu cür vacib mövzuda maarifləndirilmələsinin olduqca məqsədə uyğun və vacib olduğunu vurğulayıb. Daha sonra Milli Məclisin deputatları, həmçinin Məclisin Elm və Təhsil komitəsinin üzvləri Tamam Cəfərova, Müşfiq Məmmədli və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Səkinə Həsənova da çıxış edərək öz fikirlərini gənc müəllimlərlə bölüşərək, bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
 
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra Elm və Təhsil Nazirliyinin eskperti Turab Əhmədov, Azərbaycan Skautlar Assosiasiyasının nümayəndəsi Ülvi Məmmədov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Səkinə Həsənova və AGMA-nın layihələr üzrə meneceri Ramilə El-oğlu tərəfindən 4 müxtəlif otaqda aidiyyatı mövzu üzrə təlimlər keçirilib və bununla da konfrans işini yekunlaşdırıb.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi gənc müəllimləri bir araya toplayaraq onları ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, müəllimlər vasitəsilə şagirdlərə bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək, həmçinin təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı kimi mövzuları müzakirə etməkdən ibarət olub.

Visiontv.az