Qərbi Azərbaycana qayıdacaq azərbaycanlıların Ermənistan konstitusiyasına əlçatanlığı təmin olunmalıdır
Qərbi Azərbaycana qayıdacaq azərbaycanlıların Ermənistan konstitusiyasına əlçatanlığı təmin olunmalıdır
07.08.2023 Hikmət Babaoğlu Tərəfindən

“Qərbi Azərbaycana qayıdış hazırki tarixi mərhələdə Azərbaycan xalqının qarşısında duran milli məsələlərdən biridir. 24 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir qrup Qərbi Azərbaycan ziyalısı ilə görüşən zaman Qərbi Azərbaycana qayıdışın konseptual əsaslarını səsləndirdi. Bu qayıdış sülh, hüquq və tarixi ədalətin bərpası yolu ilə mümkün olmalıdır. Qərbi Azərbaycana qayıdışın Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsinin maddələrindən biri olması məsələsi aktuallaşdı və hazırki mərhələdə proses irəliləməkdədir.Şübhəsiz ki, qayıdışın əsas istiqamətlərindən biri Qərbi Azərbaycana qayıdacaq azərbaycanlıların Ermənistan konstitusiyasına əlçatanlığının təmin olunmasıdır. Qərbi azərbaycanlıların təhsil hüququnun bərpası da başlıca məsələdir. Çünki Qərbi Azərbaycanda yaşayacaq azərbaycanlıların təhsil hüquqlarına əlçatanlığı olmalıdır”.

Bu fikirləri AzEdu.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat, professor Hikmət Babaoğlu bildirib. 

Deputat onu da diqqətə çatdırıb ki, əvvəllər Ermənistanda məskunlaşmış azərbaycanlılar yaşadıqları doğma kənd və ya qəsəbələrində öz ana dillərində təhsil ala biliblər:  “Əslində, 1987-1991-ci illərdən əvvəlki dövrdə Qərbi Azərbaycanda yaşayan 300 mindən çox azərbaycanlının belə bir hüququ vardı və onlar öz təhsil hüquqlarından istifadə edə bilirdilər. Üstəlik, Sovet dövründə Ermənistanda və Azərbaycanda eyni təhsil hüququ bütün respublikalarda bərabər şəkildə təmin olunduğuna görə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar da öz təhsil hüquqlarından istifadə edə bilirdilər. Ermənistan coğrafiyasında 22 rayonda məskunlaşmış azərbaycanlılar yaşadıqları doğma kənd və ya qəsəbələrində öz ana dillərində təhsil alırdılar. Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar Azərbaycan dilində oxuyurdular. SSRİ dövründə orta təhsil müəssisələrində dərs vəsaitinin təmin olunması Azərbaycan tərəfindən həyata keçirilirdi və təhsil Azərbaycan Respublikasında azərbaycandilli məktəblərdə tətbiq olunan tədris poqramı üzrə aparılırdı. Bundan əlavə, sadəcə erməni dili ayrıca dərs kimi tədris olunurdu, bu da şübhəsiz ki, Ermənistan cəmiyyətinə inteqrasiya olunmaq üçün vacib bir məsələ idi”.

H.Babaoğlunun sözlərinə görə, İrəvan şəhərində "Abovyan" adına pedaqoji universitet fəaliyyət göstərirdi ki, burada da ümumi qaydada SSRİ standartlarında imtahan verməklə azərbaycandilli sektora qəbul olma imkanları var idi: “O universitet pedaqoji kadrların hazırlanmasına xidmət edirdi ki, həmin kadrlar sonrakı mərhələdə Azərbaycan məktəblərində Azərbaycan dilində müxtəlif fənlər üzrə tədris prosesini həyata keçirə bilsinlər. Eyni zamanda, Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar ölkəmizin müxtəlif universitetlərində fərqli ixtisaslar üzrə təhsil alaraq, qayıdıb, Ermənistanda təlim-tədris prosesini həyata keçirirdilər. Onların içərisindən elm xadimləri, alimlər, ziyalılar yetişirdi. Eyni zamanda, “Abovyan” adına pedaqoji institutda da pedaqoji kadrlar həm də professor-müəllim heyəti kimi formalaşırdılar, universitetdə də təlim-tədris prosesini həyata keçirirdilər. 

Bundan başqa, Ermənistanda yaşayan azərbaycanlıların böyük bir hissəsi də kənd təsərrüfatı ilə məşğul olduğuna görə, həm də İrəvanda Kənd Təsərrüfatı Texnikumu mövcud idi ki, burada da müxtəlif ixtisaslara sahiblənən azərbaycanlılar öz doğma kəndlərində kənd təsərrüfatının müxtəlif sahələrində ixtisaslı kadrlar kimi çalışa bilirdilər”.

Professorun fikrincə, qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması həm də onların təhsil hüquqlarının yenidən bərpa olunması ilə nəticələnəcək: “Hazırki mərhələdə də düşünürəm ki, qayıdış prosesi baş tutduqdan sonra yenə də eyni hüquqlarla azərbaycanlılar öz tarixi, doğma torpaqlarında – Qərbi Azərbaycanda təhsil hüquqlarından istifadə edə biləcəklər.

Ermənistan konstitusiyasında bu ölkənin bütün vətəndaşları üçün nəzərdə tutulan hüquqlar, o cümlədən, təhsil hüquqları azərbaycanlılar üçün təmin olunacaqdır.

 Hazırda Qərbi Azərbaycana qayıdış konsepsiyası da bunu özündə ehtiva edir. Qərbi azərbaycanlılar da öz hüquqlarını əldə etmək üçün növbəti mərhələdə atılacaq addımlar da bununla əlaqəli olacaqdır. Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması həm də onların təhsil hüquqlarının yenidən bərpa olunması ilə nəticələnəcək”.

visiontv.az