Bu gün radioda avtomobil ustalarının söhbətinə qulaq asarkən aktual bir fikir, daha doğrusu giley-güzar diqqətimi çəkdi. Avtomobil ustaları savadsız, qeyri-peşəkar avtomobil ustalarından şikayətçi idilər. Həmin qeyri-peşəkar ustaların nə qədər maşınları daha da xarab etdikləri, sahiblərini zərərə uğratdıqlarını qeyd edirdilər.
Sual olunur. Eyni vəziyyət turizm sahəsində yoxdur? Var. 2012-2018-ci illərin artan turist sayı 2019-cu ildə kəskin enmişdi. Əsas səbəblərdən biri, bəlkə də birincisi xidmət keyfiyyətinin aşağı, qeyri-peşəkar olması idi. Və yaxud, bəzi restoranlarda bəzən elə bərbad yeməklər bişir ki (peşəkar aşpazlar məsələsi).. ev ustaları ilə bağlı şikayətlərə az rast gəlirik? Siyahını çox uzatmaq olar.
Bütün bunların kökündə peşə təhsilinin olmaması, insanların heç olmasa bir neçə aylıq peşəkar təlim keçmədən başqalarının əsəbləri, zərərləri hesabına nəsə öyrənməyə çalışmaları durur. Nədir bu peşə təhsili? Niyə nüfuzu aşağıdır?
Səbəblər bir yazıya sığmayacaq qədər çoxdur. Əvvəla valideynlərin səhv yanaşması. Ya ali təhsil, ya heç nə. Belə yanaşma olmaz. Əgər övlad ali təhsil ala bilməyəcəksə (dünyanın heç bir ölkəsində hamı ali təhsil almalıdır düşüncəsi yoxdur. Amma ali təhsillilərin kəmiyyət və keyfiyyət baxımından artımına ehtiyac vardır ki, bu da başqa mövzudur), o zaman övlada sənət, bacarıq qazandırmağa çalışmaq lazımdır. Unutmayaq ki, “sənətkar heç bir zaman ac qalmır”. Sənətkar həmişə çörəyini qazanır. Sənətkarın bir xüsusiyyəti də var. Sənətkar öz işinin ağasıdır. Xalq həmişə sənətkarın qapısı önündə növbədə durub ki, işini gördürsün. Təəssüf ki, biz bu düşüncələrdən sürətlə uzaqlaşmaqdayıq.
Digər səbəb peşə təhsilinin özünün nüfuzdan düşməsi, formal bir hala çevrilməsidir. Peşə təhsilinin nüfuzunun artırılması ilə bağlı ciddi planlar vardır. Lakin, hər bir halda, peşə təhsilinə yönələn şəxslərin də tələbkarlığı, öyrənmək istəyi, peşə təhsilinə sertifikat, diplom, təqaüdə görə deyil, məhz bilik, bacarıq əldə etmək üçün müraciət etmələri, nəticə əldə etməyə çalışmaları həlledici məqamdır. Tələb təklifi formalaşdırır.
Başqa bir səbəb isə təbliğatın, maarifləndirmənin aşağı səviyyədə olmasıdır. Burada mətbuata da çox iş düşür. Müşahidə və təhlillər göstərir ki, əhalidə peşə təhsili ilə ya ümumiyyətlə məlumat yoxdur, ya da olan məlumat yarımçıq, formaldır.
Önəmli bir səbəblərdən biri də iqtisadiyyat, biznes və peşə təhsili arasındakı əlaqədir. Bu əlaqənin daha da möhkəmlənməsinə ehtiyac vardır. Peşə təhsili həm də fabrik və zavodlarda işləyən demək olar ki, hər bir işçiyə vacibdir. Hər bir işçinin peşəkarlığı sonda fabrikin istehsal etdiyi məhsulda öz əksini tapır. Biznes subyektləri ixtisaslar, bacarıqlar üzrə əsas sifarişçilər, peşə təhsilinin formalaşmasında böyür rola malik əsas oyunçulardır. Bunun yolları, beynəlxalq təcrübə, yanaşmalar, imkanlar və çətinliklər ayrıca böyük bir mövzudur. Yeri gəlmişkən, bu məsələ həm də iqtisadiyyat – biznes əlaqələri üçün də aktualdır.
Peşə təhsilində digər çatışmazlıqlar mövcud olarsa da, yuxarıda qeyd olunan səbəblər aradan qalxdıqca həmin çatışmazlıqlar qısa müddətdə həll oluna bilən məsələlərdir. Məsələn, müəllimlərin zəif olması faktı. Əgər yuxarıda qeyd etdiyim kimi, vətəndaş peşə təhsilinə bilik əldə etmək üçün gəlirsə, zəif müəllimdən şikayətçi olacaq. Bu tələb təklifi formalaşdıracaq. Yəni, peşə təhsilində olan müəllim ya öz üzərində işləməyə, ya daxili/xarici təcrübə qazanmağa məcbur olacaq. Bunlar olmasa, sadəcə olaraq əvəzlənəcək. Tələb, vətəndaşın, tələbənin rəyi önəmlidir. Bu hissəni ali təhsillə qarışdırmayaq. Orada müddət uzun, dərslər müxtəlif və müəllim sayı çoxdur. Burada müddət qısadır və vətəndaş peşəsini bir-iki müəllimdən öyrənir və bacarıq həmin bir-iki konkret müəllim sayəsində formalaşır.
Peşə təhsili vətəndaşa nə verir? Vətəndaş nə üçün peşə təhsili almalıdır?
Peşə təhsili insana kağız parçası deyil, bacarıq, peşəkarlıq, özünə inam, yüksək xidmət, artan rifah, artan gəlir verir. Peşə təhsili daha keyfiyyətli xidmət və məhsul deməkdir. Peşə təhsili şəbəkələşmə deməkdir. Yəni, peşə təhsili alan peşəkar həmkarlar davamlı olaraq bir-birləri ilə məsləhətləşir, yeni tendensiya, texnologiyaları müzakirə edir, hər hansı problem yarandıqda bir-birlərinə qarşılıqlı yardım edirlər. (deyilənləri bir-birinə müştəri göndərmək, komisyon əldə etmək, müştərini yola vermək kimi məsələlərlə qarışdırmayaq). Peşə təhsilinin qazandırdığı müqayisə olunmaz üstünlük isə ömür boyu qazancın olma qarantiyasının yüksək olmasıdır. Hətta hər hansı vətəndaşın qazandığı peşəyə tələb azalsa da, o peşə sıradan çıxsa da, həmin vətəndaş onda formalaşmış peşəkarlıq sayəsində tələb olunan yeni peşəyə yiyələnməyə daha şanslı olur.
Nəticə etibarilə, bu gün peşə təhsillilərin sayı azdır. Peşə təhsilinin kəmiyyət və keyfiyyət baxımından artımına ehtiyac vardır. Amma peşə təhsili sahəsi təkbaşına bunun öhdəsindən gələ bilməz. Peşə təhsilinin daha yüksək səviyyədə formalaşmasında əhalinin də, mətbuatında rolu peşə təhsilinin özü qədər vacib və əhəmiyyətlidir.
P.S. Bu gün peşə təhsilsiz də keçinərik düşüncəsinə malik olsaq, dəyişən dünya və inkişaf edən texnologiyalar fonunda 5-10 il sonra ciddi peşmançılıq hissləri ilə ağır bədəllər ödəyəcəyimiz ehtimalı çox yüksəkdir. Həmin bədəlləri ödəməmək üçün "hər bir Azərbaycan vətəndaşı ən azı bir bacarığa sahib olaraq işinin peşəkarı, ustadı olmalıdır" şüarını əsas şüarlarımızdan birinə çevirlməliyik.
Elman Sadıqov
Visiontv.az