Xocalının Ballıca kəndinə köç edən ailələrə mənzillərin açarları təqdim edilib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı rayonunun Ballıca kəndinə 98 nəfərdən ibarət 24 ailənin növbəti köçü baş tutub.
Keçmiş məcburi köçkünləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və mətbuat nümayəndələrinin iştirakı ilə onlara mənzillərin açarları təqdim edilib.
Bugünədək Xocalı rayonunun Ballıca kəndinə ümumilikdə 136 ailə, 660 nəfər köçürülüb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov bildirib ki, köçürülən ailələrin işlə təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Kəndə köç edən sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək, müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur, şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.
Qeyd edək ki, Ballıca kəndinə köç bundan sonra da mərhələli şəkildə davam edəcək. Bunun üçün kənddə təmir və bərpa tikinti işləri davam etdirilir.