Sosial media üzərindən yazdığım qeydlər.
Mən uşaqlıqda bayram çərşənbələrində möcüzələrin baş verə biləcəyini düşünürdüm. O hisslər indi də var. Mənə elə gəlir ki, çərşənbələrin sonu olan ilaxır çərşənbəsində bütün problemlər, narahatlıqlar, kədər, ağrı, yox olub gedəcək. Hamı xoşbəxt olacaq, yaxşı yaşayacaq, ac, susuz, yoxsul, gözüyaşlı olmayacaq. Əslində bütün bu dediklərimin həyata keçməsi üçün möcüzə lazım deyil. İnsaflı, mərd, ədalətli insaların olması yetərlidir ki, bütün bu dediklərim baş versin. Əminəm ki, o cür insanlar dövləti idarə edənlər sırasında çoxdurlar. Təhlükəli bir zamanda bu cür insanlar öz millətinə, el-obasına, dövlətinə sahib çıxıb reallıq olan möcüzələr göstərməlidirlər. İlaxır çərşənbənizi təbrik edirəm.
***
Tramp Ermənistan məsələsində valı deyəsən onların xeyrinə dəyişmək istəyir.
***
Azər Rəşidoğlu Azərbaycan mediasının işıqlı və tanınmış imzalarından biridir. Müstəqil mediamızın inkişafında müstəsna rolu olubdur. Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyevadan onun sağalması üçün köməklik göstərməsini xahiş edirik.
***
3 günə Kiyevi alacağını deyən Moskva indi öz ərazisində, Kurskda 3-4 qəsəbəni geri qaytarıb deyə elə sevincək olub ki, sanki Avropanı tutub.
***
Sözün düzü yeməklə elə də aram yoxdur. Gün ərzində bir, təsadüfi hallarda iki dəfə az miqdarda yemək yeyirəm. Hec vaxt Oruc tutmadım. Amma Orucluq ayında çox vaxt qüssəli oluram və gün ərzində bir dəfə yediyim yemək də boğazımdan getmir. Durmadan evində elementar ərzağa möhtac olan insanları düsünürəm. Heç təsəvvür edirsiniz hazırda nə qədər ailə var ki, hər gün doyacaq qədər yemək alıb yeyə bilmir. Günü yarıac başa vurur. Üstəlik də Oruc tuturlar. Ona görə Orucluq ayını mən narahat başa vururam.
***
Trampın nümayəndəsi Moskvadan Bakıya niyə gəlmişdi? Bayaqdan ağla gələn və gəlməyən şərhlər oxuyuram. Səbəb isə çox sadədir.
Onun təyyarəsi martın 14-də Bakı vaxtı ilə gecə saat 05:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib. S.Uitkoff Bakıda heç kimlə görüşməyib. Gecə saat 5-də kimlə görüşə bilərdi ki.
Trampın xüsusi elçisinin təyyarəsi sadəcə yanacaq doldurmaq məqsədi ilə Azərbaycan paytaxtında eniş edib.
***
Azərbaycan naminə savaşanların 7 illik "Real"lığını təbrik edirəm.
***
Sosial şəbəkələrə baxıram maşallah hamı orucdur. Ta bilmirəm doğurdan orucdurlar yoxsa qonaqlığa getmək xatirinə tuturlar.
Mənim fikrimcə oruculuq varlılara aid bir dini mərasimdir. Kasıbda bütün günü ac qalacaq qədər pul yoxdur. Subhdən durub bir stəkan şirin çay içib, bütün günü daş daşıyıb gəlib axşam qreçka ilə iftar açmaq məncə Orucluq deyil. İftarı sosial şəbəkələrdə yerləsdirilən şəkillərdəki kimi restoranlarda quş südünə qədər süfrəyə qoyulan nemətləri dadıb xoş əhval ruhiyyə ilə dişini çoplə qurdalamaqla açarlar.
Bütün hallarda Allah qəbul etsin.
***
Nə baş verdiyini başa düşmək də bədbəxtçilikdir.
***
Quyruqları qapı arxasında qalanda biri Ərdoğanın cətiri altına girir, biri axsaya-axsaya qolundan tutmağı xahiş edir, biri dünənə qədər yaxına buraxmadıqları AB-dəvət edir. Mənim fikrimcə bu təkliflərə görə Ərdoğan Türkiyəsi heç kimin əvəzinə ayı ilə döyüşməyəcək. Və düz də edəcək.
***
Hər gün eşidirəm ki, kinoteatrlarda hansısa bədii və yaxud sənədli filmin təqdimatı keçirilir. Bər-bəzəkli geyimlərdə olan şəkillərdən və iki cümləlik tərifdən başqa o filmlər barədə normal bir yazı tapıb oxuya bilməmişəm. O filmlərə yalnız şəkil çəkdirənləri dəvət edirlər? Bir tənqidi və yaxud arqumentli tərif yazan dəvət niyə etmirlər?
Film, kitab təqdimatları ictimai müzakirə üçün deyil?
***
Putin Trampın atəşkəs təklifinə hələki cəbhə bölgəsinə gedib əsgərlərə "məhv edin" əmri ilə cavab verdi. Fikrimcə Putin Kursk da əməliyyat başa çatmamış atəşkəsə razılıq verməyəcək.
***
Saakaşvilini prezident olanda dövlətin hesabına kostyum almaqda, istirahət etməkdə və buna görə büdcəyə 2 milyon ziyan vurmaqda ittiham edib 9 il iş verdilər. Bizim orta ranqlı bir məmurun övladının xərclədiyi semicka puluna görə o boyda adam 9 il həbsdə yatacaq.
P.S Özünün qurduğu ədalətli sistemdir. Hakim haqlıdırsa cəzasını çəkməlidir. Və çəkəcək də. Saakaşvili öz ölkəsini sevən biridir. Gürcülər indi onu bəyənməsə də adını Gürcüstanı sivil, inkişaf etmiş bir ölkə etdiyinə görə tarixə yazdıra bildi.
***
Bakıda keçirilən məhkəmədə ermənilərin bir-birinin üzünə durması və törətdikləri cinayətləri elə özlərinin ifşa etməsi bu dünyada haqq, ədalət deyilən fikirlərin qismən də olsa real olduğuna dəlalət edir. Azərbaycan xalqı, ordusu, Prezident İlham Əliyev və dövləti bizim hələ tam dəyərləndirə bilmədiyimiz çox böyük bir tarixi hadisəyə imza atdı. Tarixdə ədalətin bərpasına çox nadir hallarda rast gəlmək olar. Bu gün gördüyümüz və ədalətin işartıları olan bu kadrlar tarixdə yüz illər yaşayacaq və nümunə göstəriləcək.
***
Ruslar efirdən Ukrayna cəbhəsində durmadan qələbədən danışırlarsa deməli xaxollar onları yaxşıca "kaznit"diyib.
***
Oxuyuram ki, Ukrayna ABŞ-ə atəşkəsə razılıq verib. Bəyəm Rusiya razıdır? Yoxsa Ukrayna ilə ABŞ atəşkəs barədə razılığa gəlib.
***
Metroda millət vaqonun içində bir-birinin üstündə, hər stansiyada da 5 dəqiqə dayanıb gözləyirik. Bu metronu idarə edənlər nə düşünür görəsən?
***
Ölkələr, sürətlə dəyişən və təhlükəli istiqamətdə cərəyan edən dünya siyasətində kimin dost, kimin düşmən olduğunu dəqiqləşdirmək üçün diplomatik aktivliyi artırıblar. Azərbaycan da bu sıradadır. Prezidentin köməkçisi Hikmət Hacıyevin İran, İsrail və nəhayət İngiltərəyə səfərləri, ən üst səviyyədə danışıqlar aparması göstərir ki, Azərbaycan da öz müttəfiq və rəqiblərinin mövqeyini dəqiqləşdirir.
Şöhrət El-Dəniz
visiontv.az