Niyə rus sovet aktyorları uzun yaşaya bildilər, amma bizimkilər dünyasını tez dəyişiblər
25.10.2024

Təxminən bir ay öncə Rusiya aktyoru Oleq Basilaşvili 90 illik yubileyinin qeyd etdi. Bu ilin dekabrında onun həmkarı və hazırda birgə çalışdığı Alisa Freyndlix 90 yaşını qeyd edəcək. Svetlana Nemolyaeva 88-ci, Liya Axedjakova 87-ci baharını yaşayır. Hər dörd incəsənət xadimi bizə "İşdə məhəbbət macərası" filmindən tanışdır. Ömür vəfa versə, Vasiliy Livanov (Şerlok Holms) gələn il 90, Aleksandr Zbruev 87, Emmanuil Vitorqan 86, Veniamin Smexov 85, Aleksandr Kalyaqin 83 yaşını qeyd edəcək.

Bunlar yaşı 40-dan yuxarı olan insanlarımızın böyük əksəriyyətinin tanıdığı aktyorlardır. Çox da populyar olmayan bəzi aktyorlar var ki yaşları az qala 100-ə yaxınlaşır. Vladimir Zeldin 101, Vladimir Etuş 97 yaşında vəfat edib. Lev Durov, Oleq Tabakov kimi aktyorlar isə 80-dən çox ömür sürüblər. Əlbəttə gənc yaşlarında dünyasını dəyişən aktyorlar da az deyil. Ancaq xeyli tanınmış aktyor uzunömürlü həyat sürüblər və sürməkdə davam edirlər.

Yaşlı rus aktyorları görəndə həmişə öz aktyorlarımız yadıma düşür və müqayisə aparıram. Görürəm ki, bizim aktyorların az bir hissəsi 80 yaşını haqlaya bilib və hərəsi bir səbəblə bu dünyanı tərk ediblər. Həmişə də bir sual məni düşündürüb. Niyə rus sovet aktyorları uzun yaşaya bildilər, amma bizimkilər dünyasını tez dəyişiblər.

Gəldiyim əsas qənaət budur ki, səbəb incəsənətin, xüsusilə də kinonun sənayesinin çöküşü, teatr sənayesinin isə yarımcan olmasıdır. Sovet dövründən fərqli olaraq potensialını reallaşdıra bilməyən, maddi çətinliklərlə üzləşən sənətkar daim sarsıntı içində yaşayır və bu da onların sağlamlığına mənfi təsir edir. Xeyi tanınmış aktyorlarımız müstəqillik dövründə kino rollarının üzünə həsrət qaldı. Rol aldıqları teatrlar isə tamaşaçı diqqətindən kənarda qaldı. Halbuki Rusiya aktyorları yeni filmlərə tez adaptasiya olundular və bu gün də tamaşaçı qıtlığından əziyyət çəkməyən teatrlarda rol almaqda davam edirlər.

Samir Əliyev

visiontv.az