Ağ Ev rəhbərliyi qatı ermənipərəst konqresmenlərdən fərqli olaraq Azərbaycanla müttəfiqliyin əhəmiyyətini anlayır
Ağ Ev rəhbərliyi qatı ermənipərəst konqresmenlərdən fərqli olaraq Azərbaycanla müttəfiqliyin əhəmiyyətini anlayır
23.10.2024 Bəybala Mirzəyev Tərəfindən

15-20 gün bundan əvvəl ABŞ-nin 60-a yaxın deputatının (ABŞ-da onlara konqresmen deyirlər) erməni lobbisinin anti-Azərbaycan “xor”una qoşulub ölkəmizə qarşı sanksiyaların tətbiq edilməsi çağırışı ilə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenə müraciət etməsi ilə əlaqədar bizim bir sıra deputatlarımız və politoloqlarımız bütövlükdə ABŞ-ı “yaş yuyub, quru” sərən açıqlamalarla çıxış edəndə, mən demişdim ki, tənqidin dozasını, barıtını həddindən artıq çox etməyin.

Çünki Ağ Ev rəhbərliyi qatı ermənipərəst konqresmenlərdən fərqli olaraq Azərbaycanla müttəfiqliyin və tərəfdaşlığın Amerika üçün əhəmiyyətini anlayır, ona görə də konqresmenlərin Azərbaycan əleyhinə çağırışları elə çağırış olaraq da qalacaq. Biz də öz növbəmizdə ABŞ-a qarşı tənqidlərin dozasını həddindən çox edib, necə deyərlər, körpüləri tam olaraq yandırmamalıyıq. Çünki bu günün sabahı da var və bir müddətdən sonra ABŞ-Azərbaycan münasibətləri yenidən normallaşacaq, iki ölkə arasında əməkdaşlıq da qaldığı yerdən davam edəcək.

Və budur, Co Bayden ötən gün İlham Əliyevə məktub ünvanlayıb, eyni zamanda, özünün xüsusi köməkçisi Maykl Karpenteri Bakıya göndərib. Bu onu göstərir ki, Bayden Azərbaycanın Cənubi Qafqazda ABŞ üçün önəmini düzgün dəyərləndirir və ona görə də erməni lobbisinin yox, öz ölkəsinin qlobal maraqlarından çıxış edərək həm Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi, həm də Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına dəstək verilməsi məsələlərində ortaya konkret mövqe qoyur.

Bu da o deməkdir ki, ABŞ-Azərbaycan münasibətlərində yenidən istiləşmə başlayır. Deməli 15-20 gün qabaq ifrata varıb az qala ABŞ-a müharibə elan etmək əslində yersiz imiş.

Maraqlıdır ki, onların bu günkü açıqlamalarında isə ABŞ-la bağlı müsbət fikirlər yer alır. 15-20 əvvəlki açıqlamalarını isə, deyəsən, artıq unudublar.

Bəybala Mirzəyev

visiontv.az