Mən hara aidəm? - Özünü tanımanın ilk sualı budur
30.03.2025

Gözüm, qulağım, saçım, ürəyim.. bədən üzvlərim mənə aiddirmi?

Qəpik dilənən bir dilənçiyə "sənə milyon verərəm, gözünün birini ver" deyən birinə "get, işinlə məşğul ol" deyər dilənçi, ağıla gəlməyən bir suala ən yaxşı cavab budur.

Biz aid olduğlarımızı qoruyan bir vücüdüq. Özümüzə aid saydığlarımızı isə qorumaq və yaşatmaq qədərimizdir.

Bizə aid olanlar içində bir tək Dildir ki, "sonra"dan qazanılır.

Ondan xilas da ola bilirik, onu daşıya da bilirik. Bir ömür doğuşdan bizimlə olan üzvlərimiz həddlərini dəyişdikcə, saxlaya bilmədiyimizə əmin olsaq da belə yenə bir ömrü bizə şahidlik edən bu üzvləri bəbəyimiz kimi qorumağa çalışsaq da, "Dil"lə isə belə davranmaq məcburiyyətində qalmırıq.

Firdövsi farscanın "Şahnaməsi"ni yazdı. Aid olduğu Dili və mirası yeni dünyanın içində elə bir yerə qoydu ki, kimsə onu və farscanı o yerdən alıb, fərqli yerlərə qoya bilməz. Qoysa da ya siyasi, ya da tərəfkeşlik dərdi vardır.

Nizami isə... Firdövsinin dilinin içində elə fərqli bir dünya qurdu ki, kimsə Nizamini o yerdən alıb, başqa bir yerə qoya bilmədi. Firdovsi dilinə aidliyi qorudu, Nizami isə onun dili ilə "insan"a aidliyinin şah əsərlərini yazdı. "İnsan"a aidlik dilə aidliyi aşan bir dərəcədir və Nizami aid olduğu yeri "İnsanlaşdırıb" tarixə fərqli bir dərs miras qoydu.

Nizami mənə aiddirmi?

Bir ingilslə Nizami idi məsələmiz. O Nizami araşdırır. Nizamini ingilis kimi oxuyur, "Yeddi gözəl"ə bir şahın yeddi qıza olan münasibətini Qərb düşüncəsinə yad sayır. Onun Nizamiyə aidliyi yoxdur, oxumasını necə istər, oxusun. Dərdim deyildir. Mənim Nizamiyə aidliyim o zaman yerində olar ki, Nizami nə istəyirdi sualına cavabım Nizami ilə eyniyyət təşkil etsin. Eyniyyətin yoxsa o sənə aid deyildir.

Nizami "Həft peykər" yazdı, Göyü yerin dili ilə anlatmaqdan ötrü metaforlara söykəndi, Göyü tanımayan yerini bilməz, dedi. "Yeddi ulduzu" yerdəki gözəllik nümünəsi qızlarla bəzədi.

Göyə aid olanları yerə aid olanlarla eyni deyil, ayrı da deyillə aidləşdirdi.

Göydəki hərəkətlərin, göydəki tərkiblərin yerinə düşməsi yerdəki hadisələrin və təzahürlərin biri birinə bağlanması ilə tamamlanır.

Mən hara aidəm, sualına cavabımdir,

Yerlə göy arasında meracını tamamlayıb, yerə qayıdana aidəm,

Yerlə göy arasında aid olduğlarımı qorumaq borcum var, onları qorumağa mükəlləfəm.

Aid olduğum "insan olma"nın vəd etdiyini qoruyan Dilim və Dinim var olduğca var olacağıma inanıram,

Qalan nə varsa, bu da keçər deyib, keçdim,

Bu şəbəkədə son yazımdır, paylaşımları saxladım, ramazan bərəkəti ömrümüzün bəhəri olsun,

Allah amanında.

İdris Heydərli

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8