Kaya Kallas kartları açır. Ermənistan vətəndaşları tarixi seçim qarşısında
17.12.2025

Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Kaya Kallasın “Ermənistan seçkilərdə xarici müdaxilənin qarşısının alınması üçün Avropa İttifaqından yardım istəyib” açıqlaması Kallasın bağlı qapılar arxasında müzakirə olunan məsələni açıq müstəviyə çıxarmasıdır. Paşinyanın belə bir müraciətlə çıxış etməsi hakimiyyətinin həm daxili, həm də xarici müstəvidə üzləşdiyi çağırışları açıq şəkildə ortaya qoyur.

Kaya Kallasın bu bəyanatı əslində Paşinyana köməkdən daha çox, yatanın ayıldılması, geosiyasi mübarizənin şiddətlənməsinin surətləndirilməsidir. Hər halda, Aİ Paşinyana köməyi səssizcə edə bilər, bunu geniş auditoriyaya çıxarmağa ehtiyac vardı mı? 

Məlum məsələdir ki, Paşinyan 2018-ci ildən bəri Moskvanın Ermənistan üzərində qurduğu klassik patron–vassal modelini tədricən sarsıtmağa çalışır. KTMT-dən faktiki uzaqlaşma, Qərblə siyasi dialoqun intensivləşməsi, Qarabağ məsələsində Rusiyanın “təhlükəsizlik təminatçısı” rolunun itirilməsi Kremlin Ermənistandakı təsir rıçaqlarını zəiflədib. Lakin, bu rıçaqlar tam sıradan çıxmayıb. Rusiya ilə əlaqəli siyasi elita, media resursları, təhlükəsizlik strukturlarında qalan köhnə şəbəkələr seçki dövründə informasiya manipulyasiyası, legitimliyin şübhə altına alınması və kütləvi etirazların qızışdırılması üçün hələ də əlverişli alətlərə malikdir.

Artıq heç kimə sirr deyil ki, 2026 seçkiləri bu dəfə sadəcə hakimiyyət uğrunda mübarizə deyil, Ermənistanın hansı geosiyasi məkanın bir hissəsi olacağına dair "referendum" xarakteri daşıyır. Xarici müdaxilə ehtimalı isə bu seçimi Ermənistan cəmiyyətinin deyil, xarici güclərin iradəsinə tabe edə bilər.

Ona görə də, mövcud hakimiyyət erməni vətəndaşları qarşısında bu şüarı qoymalıdır - "Ermənistan üçün əsas sual artıq “Paşinyan qalacaq mı?” deyil. Əsas sual budur: Ermənistan seçkilər vasitəsilə suveren qərar verə biləcək, yoxsa yenidən kənar qüvvələrin  siyasi ssenarilərinin obyekti olacaq? 

Hər halda, hadisələr göstərir ki, 2026 - cı il təkcə seçkilərə qədər yox, seçkilərdən sonra da qaynar keçəcək və hər bir gün Paşinyan üçün çağırışların dəf edilməsi üçün mübarizə kimi yadda qalacaq. Gürcüstanda illər əvvəl baş verənləri unutmamalıyıq. 

Cənubi Qafqazda real təhlükəsizlik arxitekturası artıq kağız üzərindəki alyanslar deyil, faktiki güc və məsuliyyət daşıyan aktorlar üzərində formalaşır. Bu kontekstdə Azərbaycan və Türkiyə bölgədə təhlükəsizliyin əsas qarantları kimi çıxış edirlər.

Azərbaycan regionda status-kvonun dəyişdirilməsində həlledici rol oynayan dövlətdir. Uzun illər davam edən qeyri-müəyyənlik, “dondurulmuş münaqişə” adı altında saxlanılan xaos məhz təhlükəsizliyin əsas mənbəyi idi. 2020-ci ildən sonra Bakı göstərdi ki, təhlükəsizlik yalnız güc balansını bərpa etməklə və beynəlxalq hüquqa əsaslanan reallıq yaratmaqla mümkündür. Bu baxımdan Azərbaycan regional nizamı pozan yox, əksinə, onu formalaşdıran aktora çevrildi.

Azərbaycan–Türkiyə tandemi bölgədə təhlükəsizliyin təminatçısı kimi çıxış edərkən fərqli model təqdim edir. Bu model nə Rusiyanın postsovet “nəzarət və asılılıq” yanaşmasına, nə də Qərbin uzaqdan normativ tövsiyələrinə bənzəyir. Burada əsas prinsip sadədir: suverenlik, sərhədlərin toxunulmazlığı və kommunikasiya xətlərinin təhlükəsizliyi. Məhz bu prinsiplər regionda davamlı sabitliyin əsasını təşkil edir.

Ermənistan üçün də bu reallığın əhəmiyyəti böyükdür. Paşinyan hökuməti gec də olsa bəlkə də anlamağa başlayır ki, ölkənin təhlükəsizliyi artıq üçüncü tərəflərin qeyri-müəyyən “zəmanətləri” üzərində qurula bilməz. 

Ermənistanın real təhlükəsizliyi qonşularla münasibətlərin normallaşmasından, regional layihələrə qoşulmasından və hərbi-siyasi avantüralardan imtina etməsindən keçir. Bu mənada Azərbaycan və Türkiyənin yaratdığı yeni regional düzən Ermənistan üçün təhdid yox, alternativ təhlükəsizlik imkanıdır.

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Bakı Politoloqlar Klubunun sədri

Zaur Məmmədov

Visiontv.az