ABŞ-nin İrana iyunun 22-də zərbəsindən bir neçə saat sonra İsrail parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsində ölkənin milli təhlükəsizlik üzrə müşaviri Tzachi Hanegbinin iştirakı ilə iclas keçirilib.
RadioFarda İsrail mətbuatına istinadən yazıb ki, iclasda Hanegbi İranın nüvə obyektlərinə endirilən zərbərlərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirib. O, ABŞ-nin əməliyyatının İranın nüvə proqramına əhəmiyyətli zərər vurduğunu və onu illərlə geriyə atdığını bildirib.
Hanegbinin sözlərinə görə, İsrailin hazırda İranda əsas hədəfi onun raket proqramını məhv etməkdir. O, İranla istənilən razılaşmada bu məsələnin qaldırılmalı olduğunu, əks təqdirdə Tehranın öz potensialını sürətli bərpa edə biləcəyini deyib.
Milli təhlükəsizlik müşaviri həmçinin İrandakı daxili siyasi vəziyyətə də toxunub. O, İranda daxilində hakimiyyətə qarşı Qərbdə başa düşüldüyü kimi müxalifətin olmadığını bildirib:
“Hakimiyyət çox sayda insanı edam edir və öz rəqiblərinə uzunmüddətli ev dustaqlığı ilə maneə yaradır”.
O həmçinin Xameneinin İsrailin birbaşa ortadan götürməyə ehtiyac duyduğu hədəf olmadığını da deyib.
İsrail rəsmisinin səsləndirdiyi fikirlərə hələlik İrandan cavab gəlməyib. Lakin İran rəsmiləri Tehranın nüvə və raket proqramından imtina etmək niyyətində olmadıqlarını açıqlayıblar. İran nüvə obyektlərinə hücumu “beynəlxalq hüququn kobud pozulması” adlandırıb.
İyunun 22-də ABŞ İranın nüvə obyektlərinə B2 bombardmançıları ilə zərbə endirib. Zərbədən sonra ABŞ İranı danışıqlar masasına oturmağa çağırıb, İran isə bu tələbə hələlik qəti cavab verməyib.
visiontv.az