Azərbaycan Respublikasının xalq artisti Arif Babayevin dünyasını dəyişməsi ilə bağlı xəbər Güney Azərbaycan, xüsusən Təbriz mediası və sosial media şəbəkəsində geniş yayılıb.
Bu haqda ilk olaraq Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb.
Məlumatlarda xalq artistinin həyatı və yaradıcılığı ilə bağlı məlumat verilib, onun vəfatının bütün azərbaycanlılara ağır mədəni itki olduğu bildirilib.
Güney Azərbaycan sosial media platformalarında xalq artistinin ifa etdiyi "Pəncərədən daş gəlir" mahnısı ən çox paylaşılan və bəyənilən videolar arasında ilk yeri tutub.
Qeyd edək ki, 20 fevral 1938-ci ildə Ağdamın Sarıcalı kəndində anadan olan Arif Babayev, avqustun 1-i səhər saatlarında dünyasını dəyişib.
O, Azərbaycan Dövlət Konservatoriyasında müəllim işlədiyi və Muğam kafedrasına rəhbərlik etdiyi dövrdə Təbriz, Urmiya, Ərdəbil və başqa Azərbaycan şəhərlərindən olan onlarla musiqiçi yetişdirib.
Onun şagirdlərindən bir neçəsi bu gün İranda Azərbaycan milli musiqisinin təmsilçi kimi fəaliyyət göstərir.
visiontv.az