"Green card"ın arxa üzü...
"Green card"ın arxa üzü...
06.05.2024 Bəybala Mirzəyev Tərəfindən

2024-cü il üzrə "Green card" müraciətinin nəticələrinin elan edilməsi bəzilərini sevindirdi, bəzilərini isə dərindən məyus etdi.

Amma əsl məyusedici məqam budur ki, siz bunun adını nə qoyursunuzsa qoyun, son nəticədə bunun adı real surətdə "beyin axını"dır.

Hərçənd ki, amerikalı rəsmilər "Green card" lotereyasının ölkədəki immiqrantlar arasında müxtəlifliyi artırmaq üçün təşkil edildiyini bildirsələr də, gerçəklik isə belədir ki, ABŞ bu yolla müxtəlif ölkələrdən düşünən beyinləri, üstün zəkaları, yaxşı mütəxəssisləri leqal surətdə oğurlamaqla məşğuldur. Bəli, "Green card"ın arxa üzündəki danılmaz həqiqət budur ki, bütün ölkələrin "qaymaq"ları "Amerika arzusu" ilə yaşamağa başlayır.

ABŞ bu oğurluğunun sayəsində gün-gündən öz qüdrətini daha da artırır. Azərbaycan kimi ölkələr isə "beyin axını"na məruz qalmaqla həm peşəkar kadr itkisinə məruz qalır, həm də gələcək inkişafımıza ciddi zərbə dəyir. Odur ki, ölkədə elə mühit yaratmalıyıq ki, insanlarımız "Green card" udmaq arzusuyla yaşamağa ehtiyac duymasınlar.

Əksinə, Azərbaycanın özünü hər kəs üçün cazibəli ölkəyə çevirməliyik. Biz Azərbaycanı Cənubi Qafqazın İsrailinə və ya Cənubi Koreyasına çevirə bilsək, yaxın illərdə ölkəmizə həddindən artıq böyük axın baş verə bilər.

Bəybala Mirzəyev

visiontv.az