Fransalı qızın Azərbaycan hekayəsi...
25.10.2024

Öz ifaçılıq üslubunda caz və pop romantizmini birləşdirən fransalı müğənni, bəstəkar və pianoçu xanım Elianın yaxın günlərdə Bakıda konserti gözlənilir.

Elia Fransanın əksər ermənipərəst sənətçilərindən fərqli olaraq Azərbaycana və musiqimizə böyük sayğı və sevgi hissilə yanaşır. Bu da yəqin ki, onun Azərbaycanla genetik bağlılığından irəli gəlir. Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradovanın mənə verdiyi məlumata görə, Elianın anası Bakı yəhudilərindəndir.

Fransadakı Azərbaycan diasporunun nümayəndələri ilə də sıx əlaqə saxlayan bu xanım müğənninin repertuarında Azərbaycan mahnıları da var və oktyabrın 26-da paytaxtımızda keçiriləcək “Baku Jazz Festival 2024” çərçivəsində konsert proqramı ilə çıxış etməyi planlaşdıran Elia Azərbaycan mahnısı olan “Küsüb getdi”ni də ifa edəcək.

Caz həvəskarlarımız yəqin ki, Elianı yaxından dəstəkləyəcək və onun konsertində iştirak edəcəklər.

Bəybala Mirzəyev

visiontv.az