Elxanilər ölüləri də özbaşına buraxmayıblar: Xaraba Gilanda ölülərə nəzarət
12.06.2026

İlanlıdağ səfərimdə ən yadda qalan hadisə Xaraba Gilan xatirəm oldu. Xaraba Gilanda tanış olduğum dəyərli alim-arxeoloqumuz Bəhlul İbrahimli bu tarixi abidə barədə çox önəmli məlumatlar verdi.

Video-çəkilişdə Bəhlum müəllimə dəfələrlə Vəli müəllim deməyimə baxmayaraq, bir dəfə də mənim səhvimi düzəltmədi. Bu da görünür, onun özü qədər dəyərli alimimiz olan Vəli Baxşəliyevə hörmətdən irəli gəlirdi. Amma etiraf edim ki, Urartu tarixi ilə bağlı bir çox xarici ədəbiyyatlarda adına və soyadına rast gəldiyim Vəli müəllimlə də görüşmək istəsəm də bu, mənə nəsib olmadı. Əslində Bəhlul müəllimə Vəli müəllim kimi müraciət etməyimin bir səbəbi də görünür, bu istəyimlə bağlıdır. Sözsüz ki, Vəli Baxşəliyevin bəxti də öz sözünü demişdi.

Bəhlul İbrahimlinin bildirdiyinə görə, Xaraba Gilan Elxanilər dövrünün yadigarıdır. Şəhər Əmir Teymurun oğlu Miran şah tərəfindən darmadağın edilib. Əslində bu da tarixin ironiyasıdır. Təsəvvür edin ki, Əmir Teymur öz hakimiyyətinin legitimliyini Çingiz xana bağlamaq üçün onun nəslindən olan bir xanımla evlənib və özünü kürəkən mənasına gələn Gürkan kimi təqdim edib. Yəni Çingizin kürəkəni olmaqla qürurlanıb. Amma onun oğlu Miran şah Çingiz xanın əsl nəvələri olan Elxanilərin şəhəri kimi tanınan Gilan şəhərini xaraba qoymaqdan çəkinməyib.

Xaraba Gilanda diqqətimi cəlb edən faktlardan biri iki qəbir oldu. Qəbirlərdən birində 30-a yaxın adam dəfn olunub. Digərində isə ən azı 10-12 nəfərin qalıntıları gözə dəyir. Skeletlərdən biri kənarda oturmuş vəziyyətdə dəfn olunub. İlk baxışdan da belə təsəvvür yaranır ki, bu adam ölənlərə nəzarət etmək üçün burada basdırılıb.

Maraqlı nüansdır. Belə çıxır ki, Elxanilərdə ölüləri də özbaşına buraxmayıblar.

Heydər Oğuz, Naxçıvan

visiontv.az