Mütəxəssislər bildirirlər ki, Çinin ötən ay dənizə buraxılan üçüncü təyyarədaşıyanı "Fujian", əvvəlki iki oxşar gəmini xeyli geridə qoyur və bu, Pekinin ABŞ-ın Sakit Okeanın qərbindəki üstünlüyünə meydan oxuma məqsədi yolunda mühüm addımdır.
Çinin son təyyarədaşıyanına Tayvana ən yaxın əyalət olan Fujianın adı verilib.
80 min tonluq "Fujian" - döyüş təyyarələri, helikopterlər və erkən xəbərdarlıq təyyarələrindən ibarət 70-ə qədər hava nəqliyyatı daşıya bilir.
Bu təyyarələr uzun məsafəli təhdidləri aşkar edə, hava hücumundan müdafiəni koordinasiya edə və dəqiq zərbələr endirə bilir.
"Fujian" Çin donanmasına tamamilə yeni bir əlçatanlıq və çeviklik səviyyəsi qazandırmaqla yanaşı, həm də ciddi bir güc nümayişidir.
Nəhəng təyyarədaşıyan Çinin elektromaqnit katapultlarına sahib və düz uçuş göyərtəsi olan ilk gəmisidir.
Bunun sayəsində gəmidən daha ağır təyyarələr havaya qalxa, daha çox yanacaq və silah daşına bilir.
İndiyədək bu imkanlara malik olan yeganə ölkə ABŞ idi.
Tayvan Milli Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutundan Dr. William C. Chung BBC News Çincə xidmətinə bildirib:
"Bu, Çinin təyyarədaşıyan zərbə qruplarını [digər iki təyyarədaşıyan] "Liaoning" və "Shandong"-u çox geridə qoyaraq tamamilə yeni səviyyəyə qaldırır".
O əlavə edir:
"Əlbəttə ki, göyərtə dizaynı və elektromaqnit katapultlar təyyarələrin qalxma və enmə effektivliyini əhəmiyyətli dərəcədə artırır.
Əvvəlki qalxma texnologiyası pilotları sursatdan imtina etməyə məcbur edirdi ki, bu da əməliyyat çevikliyini məhdudlaşdırırdı".
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Çində rəsmi media "Fujian"ı ölkə donanmasının inkişafında "əhəmiyyətli bir dönüş nöqtəsi" kimi təsvir edib.
Dr. Chung deyir ki, Çin artıq ABŞ-la eyni səviyyədə "müdafiə məqsədli modernizasiyadan" hücum məqsədli güc proyeksiyasına keçə bilər.
Çin Xalq Respublikasının sədri Xi Jinping-in "Sakit okean həm ABŞ, həm də Çin üçün kifayət qədər genişdir" sözləri də bu bərabərlik axtarışını xülasə edir.
Ji-nin rəhbərliyi altında Çin öz donanmasını inanılmaz sürətlə genişləndirir.
Pekinin hazırda digər bütün ölkələrdən daha çox gəmiyə sahib olması ABŞ və müttəfiqləri üzərində təzyiq yaradır.
Dövlət mediasına görə, Xi Jinping "Fujian"ın elektromaqnit katapultlardan istifadə etməli olduğuna "birbaşa özü qərar verib".
Xi cənubdakı ada əyaləti Hainanda keçirilən "Fujian"ın xidmətə qəbul mərasimində iştirak edib, təyyarələri yoxlayıb və pilotları "qəhrəmanlar" adlandıraraq tərifləyib.
Yaşıl hərbi forma geyinmiş Xi uçuş göyərtəsindən "Partiyanın əmrinə tabe olun, qələbə üçün döyüşün və nümunəvi davranış göstərin!" şüarları söyləyən dənizçilərə müraciət edib.
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Avstraliya Strateji Siyasət İnstitutu "Fujian"ı, qırıcı təyyarələri və amfibiya vasitələri işğal cəhdlərinə daşıya bilən "sürətli bir çəkindirici güc" kimi təsvir edir.
Dr. Çung deyir: "Sülh dövründə "Fujian" ABŞ təyyarədaşıyanlarının yerləşdirmələrinə bənzər bir çəkindiricilik təmin edir. Uzun müddətdə isə qlobal əlçatanlıq yaradır və potensial olaraq Orta Şərqə, Afrikaya və ya Avropaya yerləşdirilə bilər".
Çin uzun zamandır özünü idarə edən Tayvanı öz torpaqlarının bir hissəsi hesab edir və bir gün "yenidən birləşmə" vədi verir. Pekin bunun üçün güc tətbiqini də istisna etmir.
Washington mərkəzli Hudson İnstitutundan Dr. Satoru Nagao da "Fujian"ın Tayvanın şərqindəki möhkəmləndirilmiş mövqeləri təhdid etmək potensialına malik olduğunu bildirir.
Dr. Nagao əlavə edir: "Fujian"-ı ora yerləşdirmək həmin möhkəmləndirilmiş mövqelərə qarşı amfibiya hücumları dəstəkləyəcək".
Lakin Okinava, Yaponiya, Cənubi Koreya, Quam və hətta Filippinlərdəki dəniz bazalarında yerləşən ABŞ qüvvələri buna asanlıqla cavab verə bilər.
ABŞ-ın 100 min tonluq 11 təyyarədaşıyanının hamısı nüvə enerjisi ilə işləyir.

ŞƏKLİN MƏNBƏYİ,AFP VIA GETTY IMAGES

Dr. Çung deyir ki, "Fujian" təyyarədaşıyanının dizel mühərriki və Çinin böyük uzaq dəniz limanlarının olmaması gəminin dəstək gəmilərindən tez-tez təchizat almasını zəruri edir və bu vəziyyət onun döyüş qabiliyyətini böyük ölçüdə məhdudlaşdırır.
Yaponiya Milli Müdafiə Tədqiqatları İnstitutundan Aita Moriki oktyabr ayında dərc olunan "Fujian" qiymətləndirməsində "çoxlu texnoloji və şəxsi heyətlə bağlı problemlər davam edir" deyə yazıb.
Dr. Çung da bildirir: "Başqa sözlə, "Fujian" və digər Çin təyyarədaşıyanlarının ümumi döyüş qabiliyyəti və təcrübəsi real münaqişələrdə iştirak etmiş ABŞ ordusunun qabiliyyətindən xeyli fərqlidir".
Amerikalı kont-admiral Brett Mietusi sentyabr ayında Washington Post qəzetində dərc olunan məqaləsində belə yazmışdı: "Onların üç [təyyarədaşıyanı] var, bizim isə 11. Və biz bunu onilliklərdir edirik".
ŞƏKLİN MƏNBƏYİ,AFP VIA GETTY IMAGES
Lakin yüksək texnologiyalı raketlərin inkişafı ümumilikdə təyyarədaşıyanların hərbi əhəmiyyətini azalda bilər.
Elektromaqnit katapultlar istifadə olunsa belə, pilotlar hələ də dalğalar üzərində yırğalanan bir göyərtədə təhlükəli qalxma və enişlər etməyə məcburdurlar.
Dr. Nagao deyir ki, "Əgər PUA süni intellekt texnologiyası yetkinləşərsə, PUA daşıyan gəmilər daha sərfəli olacaq və əsas gücə çevriləcək".
Bununla belə, peyk görüntüləri Çinin dördüncü təyyarədaşıyanı inşa etdiyini göstərir.
Donanmanın genişləndirilməsi üçün planlar hazırlanır və mütəxəssislər nüvə enerjisi ilə işləyən təyyarədaşıyanlara keçidin zəruri olduğunu bildirirlər.
Mütəxəssislər həmçinin ABŞ ilə Çin arasında dənizlərdə bir silahlanma yarışının yaşanacağını proqnozlaşdırırlar.
Tayvan Müdafiə Nazirliyinin dəstəklədiyi, Taypeydə yerləşən Milli Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutundan Jiang Hsin-biao New York Times qəzetinə verdiyi açıqlamada belə deyir:
"ABŞ belə yeni təyyarədaşıyanlar istehsal edir və bu, təyyarədaşıyanların dəyərini göstərir".
O əlavə edir:
"Təhdidlər nisbidir və istər Çin, istərsə də ABŞ olsun, hər iki tərəf üçün keçərlidir".
Benny Lu, BBC News Çincə
visiontv.az