Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıb
06.05.2024

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər  Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsinin (PŞ) əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Şöbəyə Bərdə rayon sakini  1964-cu il  təvəllüdlü  Teyyub Nuruşovun odlu silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs saxlanılıb və üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, səkkiz ədəd patron və bir ədəd sandıqça aşkar edilərək götürülüb. T.Nuruşov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.

Faktla bağlı 4-cü PŞ-də toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

visiontv.az