Əgər ABŞ Külüng Dağındakı nüvə obyektinə hücum edərsə, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmalı və uranı silah istehsalı səviyyəsinədək zənginləşdirməlidir.
Bu barədə İranın sərt xətt tərəfdarı olan Fərhixteqan qəzeti yazıb.
Külüng Dağı obyekti Natanz nüvə kompleksi yaxınlığında inşa edilən, yüksək səviyyədə möhkəmləndirilmiş yeraltı obyektdir. Qərb rəsmiləri hesab edirlər ki, bu kompleks nüvə proqramı ilə bağlı fəaliyyətlər üçün istifadə oluna bilər. Tunel kompleksi indiyədək BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən yoxlanılmayıb.
Qəzet yazıb: “ABŞ Külüng Dağı obyektinə hücum etsə, məqsədi İranın nüvə proqramını dayandırmaq və ya onun geri dönməz inkişafının qarşısını almaq olacaq. İran isə buna cavab olaraq proqramın daha da irəliləməsini və geri dönməz xarakter almasını öz cavab strategiyasının əsasına çevirməlidir.”
Qəzetin fikrincə: “İlk addım NPT-dən rəsmi şəkildə çıxmaq ola bilər. İkinci addım isə ABŞ və onun müttəfiqlərinin ən çox qorxduğu istiqamətə – İranın nüvə astanası dövləti statusuna və ya ondan da irəli mərhələyə keçməsi olmalıdır.”
Məqalədə bunun nüvə doktrinasının yenidən müəyyənləşdirilməsi və uranın silah istehsalı səviyyəsinə qədər zənginləşdirilməsinin artırılması kimi addımları əhatə edə biləcəyi qeyd olunub.
Qəzet həmçinin İranın ballistik raketlərinin uçuş məsafəsinin artırılmasına da çağırış edib.
visiontv.az