ABŞ gələn il Ukraynaya 400 milyon dollarlıq hərbi yardım verəcək
09.12.2025

ABŞ-nin 2026-cı il müdafiə büdcəsində Ukraynaya 400 milyon dollarlıq hərbi yardım nəzərdə tutulub. 2027-ci il üçün də eyni məbləğ planlaşdırılıb. "The Hill" dərc edilən qanun layihəsinə əsasən belə yazır.

Sənəddə ABŞ-nin gələn il müdafiə büdcəsinin 901 milyard dollar olacağı qeyd edilir. Prezident Donald Tramp isə 892.6 milyard dollar tələb etmişdi.

Qanun layihəsində vurğulanır ki, "Rusiyanın Hind-Sakit okeanı regionuna, özəlliklə Çinə təsir edən hərbi strategiyası, məqsədləri və qüvvələrinin yerləşdirilməsi qiymətləndiriləcək".

Çin, Rusiya, İran və KXDR arasında diplomatik, informasiya, hərbi və iqtisadi sahələrdə ikitərəfli və ya çoxtərəfli əməkdaşlığın miqyasını əhatələyən hesabatın hazırlanması təklif olunur.

Sənəddə hərbçilərin maaşlarının 3.8 faiz artırılması, silah istehsalının genişləndirilməsi, Müdafiə Nazirliyinin kontrakt sisteminin islahatı da yer alıb. Hərbi dronların istehsalının sürətləndirilməsi, raketdən müdafiə sisteminin islahatı, çoxsəviyyəli "Qızıl günbəz" raketdən müdafiə sisteminin yaradılması, ABŞ-nin cənub sərhədində ordudan prezident Trampın sərəncamlarına uyğun istifadəsi nəzərdə tutulur.

visiontv.az