"Zəngəzur dəhlizi İran üçün təhdiddir, yoxsa geosiyasi üstünlük?”
09.09.2025

Dəmir yolu sənayesi üzrə iranlı ekspert Seyid Hüseyn Mirşəfi “Mehr News” agentliyinə müsahibəsində Zəngəzur dəhlizinin İran üçün geosiyasi və iqtisadi əhəmiyyətindən danışıb.

Mirşəfi bildirib ki, Zəngəzur dəhlizi əslində İran üçün təhdid deyil, əksinə üstünlükdür. Onun sözlərinə görə, bu dəhliz İran ərazisindən keçməklə Azərbaycan, Naxçıvan və Türkiyə arasında quru əlaqənin tamamlanmasına şərait yaradır. Bu isə İranın tranzit mövqeyinin gücləndirilməsi baxımından mühüm imkan yaradacaq.

Mal sahibi olan ölkələrin və iş adamlarının daha çox iqtisadi üstünlüyə əsaslanaraq marşrut seçdiklərini deyən ekspert qeyd edib ki, bu baxımdan, İranın beynəlxalq tranzitdə rəqabətədavamlılığını qoruması üçün logistika və nəqliyyat sahəsində islahatlar həyata keçirməsi vacibdir.

“Biz beynəlxalq daşıma şirkətlərimizi inkişaf etdirməli, qaydaları sadələşdirməli, yük vasitələrinin təhlükəsizliyini artırmalı və yük sahiblərinə yüklərin izlənməsini təmin etməliyik. Əgər bu addımlar atılsa, İran üzərindən yük daşımalarının ümumi xərcləri azalacaq və ölkəmiz bu sahədə rəqabətədavamlı olacaq”, - deyə, analitik vurğulayıb.

Mirşəfinin fikrincə, Zəngəzur dəhlizi əslində Türkiyə və İran arasında quru əlaqəsini daha da möhkəmləndirir və bu, İran üçün üstünlük deməkdir.

Sitat: “İran düşünməməlidir ki, digər ölkələr mütləq onun marşrutunu seçəcəklər. Əksinə, bölgədə rəqib marşrutlar mövcuddur və onların inkişafı nəzərə alınmalıdır. Xüsusilə Xəzər dənizi, Mərkəzi Asiya, Rusiya və Cənub istiqamətlərindəki marşrutlar İran üçün həm rəqabət, həm də əməkdaşlıq baxımından önəmlidir".

visiontv.az