Niderlandda velosiped sayı əhalidən çoxdur. 180 minlik Groningendə 800 minə yaxın velosiped var – orta hesabla adambaşına 4 (!) dənə. Niderlandlar üçün velosiped sadəcə nəqliyyat vasitəsi deyil, həyat tərzidir, mən deyərdim həyat fəlsəfəsidir. Yaxşı da bir söz də tapdım buna – Velosofiya. Uşaqdan böyüyə qədər hər kəs velosipedə minir, işə, alış-verişə, məktəbə, universitetə, axşam məclislərinə - hər yerə velosipedlə gedirlər. Hətta nazirlər və parlament üzvləri belə velosiped sürürlər.
Velosipedlər üçün xüsusi işarəli, xüsusi örtüklü, qırmızı rəngli ayrıca yollar var. Bu yollar ancaq şəhərlərdə deyil, parklarda və meşələrdə də var. Niderlandda “sfetoforlarda” velosipedçilər üçün ayrıca işıq var. Maraqlıdır ki, velosipeddən enmədən ölkənin bir ucundan o biri başına getmək olar.
Hər kəs mahir velosiped sürücüsüdür. Necə də olmasın – 4 yaşından etibarən velosiped minirlər. Hərəkət halında sms yazmaq, telefonla danışmaq adi haldır. Yeni velosiped görmək isə mümkün deyil, əsasən paslanmış, köhnə-köşküllər şütüyürlər küçələrdə. Buna səbəb də velosiped oğurluğunun həddən çox olmasıdır. Bu səbəbdən də çox adam “ikinci əl” velosiped alır. Onların da qiyməti 30-120 avro arasındadır.
Groningendə çox az sayda avtobus matşrutu var. Avtobuslar demək olar ki, bomboş dolanırlar, ayaqda duran bir adama rast gəlmədim. Velosipedin bu qədər yayğın olmasında şübhəsiz ki, Niderland iqliminin də rolü az deyil. Qışda havanın orta temperaturur +3 dərəcədir, qarı da Bakı qarına bənzəyir – axşam yağıb səhərə əriyir.
Niderlandlar şimal insanlarına xas çox yaraşıqlıdırlar, əsasən uzunboylu və qamətli. Kök qadın və kişiyə nadirən rastlayırsan – bu qədər pedal çevirdikdən sonra şişman adammı qalar? Velosofiya insanları sağlam və güclü etməklə bərabər həm də ölkəni ekoloji baxımdan dünyanın ən təmiz ölkəsinə çevirib. Burada bəzi şəhərlərində velosipedə heykəlllər qoyulub. Velosiped üçün mahnı yazılıbmı, bilmirəm, ancaq niderlandların bir gün ona himn yazacaqları dəqiqdir...
İbrahim Nəbioğlu
visiontv.az