Ursula von der Leyen: Çinin Rusiyaya qarşı bütün təsir imkanlarından istifadə edəcəyinə ümid edirik
06.05.2024

"Fikir ayrılığı olan məsələlərdə açıq və səmimi fikir mübadiləmiz oldu".

Bunu  Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Parisdə Aİ, Fransa  və Çin rəhbərlərinin üçtərəfli görüşünün yekununa dair mətbuata açıqlamasında deyib.

O bildirib ki, müzakirələr zamanı geosiyasi vəziyyət, Aİ və Çin arasında iqtisadi tərəfdaşlıq və iqlim məsələsi gündəmdə olub.

"Biz  Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini dayandırmaq üçün Çinin Rusiyaya qarşı bütün təsir imkanlarından istifadə edəcəyinə ümid edirik.  Prezident  Si Cinpin Rusiyanın məsuliyyətsiz nüvə təhdidlərinin aradan qaldırılmasında mühüm rol oynayıb və mən əminəm ki, Rusiya tərəfindən davam edən nüvə təhlükələri fonunda prezident Si Cinpin bunu davam etdirəcək.

Biz  həmçinin Çinin Rusiyaya heç bir ölümcül silahlar verməməsi ilə bağlı öhdəliyini müzakirə etdik. İkili məqsəd üçün istifadə edilən malların Rusiyaya çatdırılmasının qarşısını almaq üçün daha çox səy göstərmək lazımdır", - Avropa Komissiyasının Prezidenti vurğulayıb.

O əlavə edib ki, tərəflər İranın Yaxın Şərqdəki rolu barədə də fikir mübadiləsi aparıblar: "Biz həmçinin İranın Yaxın Şərqdə stabilliyə birbaşa təhdid olduğunu müzakirə etdik və biz inanırıq ki, Çin İranın regionda məsuliyyətsiz addımların məhdudlaşdırılmasında vacib rol oynaya bilər".

visiontv.az