Ukrayna Danimarkadan F-16 qırıcılarının tədarükünü təsdiqləyib
11.12.2024

Danimarka Ukraynaya F-16 qırıcılarının ikinci partiyasını təhvil verib. Bu barədə prezident Volodimir Zelenski Parisə gedərkən deyib.

Telegram-da yazdığı mesajda Zelenski Danimarkaya minnətdarlığı ifadə edib və digər müttəfiqlərin bənzər addımlar atmamasından təəssüfləndiyini bildirib.

“Danimarkalılar tərəfindən verilən təyyarələrin ilk partiyası artıq Rusiya raketlərini vurur, insanlarımızı və infrastrukturumuzu xilas edir. Hazırda hava qalxanımız daha da gücüdür”, deyən Ukrayna lideri əlavə edib ki, “Bütün tərəfdaşlar belə qərarlı olsaydılar, biz Rusiya terrorunu qeyri-mümkün edə bilərdik”.

Bu açıqlama Ukraynanın Zaporijya vilayətində cümə günü Rusiyanın hücumu nəticəsində həlak olan 10 nəfər üçün matəm günü qeyd edildiyi vaxt verilib. Vilayət qubernatoru İvan Fedorovun bildirdiyinə görə, raketin yerli texniki xidmət stansiyasına düşməsi nəticəsində daha 24 nəfər, o cümlədən iki uşaq yaralanıb.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti cümə günü Ukraynanın Krivıy Rih şəhərinə endirilən zərbələr nəticəsində daha 3 nəfərin həlak olduğunu bildirib.

Hücumları qeyd edən Zelenski bildirib ki, Rusiya prezidenti Vladimir Putinin “həqiqi sülh” istəyi yoxdur.

“Putin ancaq hər hansı ölkəyə bombalar, raketlər və zorakılığın bütün digər formaları ilə bu cür rəftar etmək bacarığına can atır. Yalnız güclə buna müqavimət göstərə bilərik və yalnız güclə həqiqi sülh bərqərar ola bilər”, deyə Zelenski bildirib.

Zelenski şənbə günü Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla digər dünya liderləri ilə Parisdə 2019-cu ildə baş verən dağıdıcı yanğından sonra Notr-Dam kilsəsinin təmirini qeyd edən tədbirdə görüşməlidir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp gözlənilən iştirakçılar arasındadır. Avropa liderləri Rusiyanın üç illik işğalına qarşı Ukraynaya dəstəyini davam etdirməyə inandırmaq üçün ABŞ-ın növbəti prezidentinin rəğbətini artırmağa can atırlar. Trampın Zelenski ilə görüşüb-görüşməyəcəyi bəlli deyil.

visiontv.az