Ukrayna Böyük Britaniyada dron istehsalı zavodu tikməyi planlaşdırır
27.07.2026

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə iri zavod tikmək planlarını açıqlayıb.

Visiontv.az  xəbər verir ki, prezident bu barədə "Sky News" telekanalına verdiyi müsahibə zamanı məlumat verib.

Kiyevin Londona dronlar sahəsində toplanmış təcrübə və texnologiyaları ötürməyə hazır olduğunu, həmçinin Britaniya tərəfi ilə təkmilləşmə işlərinin mübadiləsinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, tərəflər Ukrayna və Böyük Britaniya arasında müdafiə əməkdaşlığını gücləndirməli olan dronlar üzrə ayrıca sazişi müzakirə edirlər.

Bununla yanaşı, Ukrayna lideri Böyük Britaniyanın yeni Baş naziri  Endi Börnhem ilə baş tutan telefon danışığına da toxunub. Zavodun tikiləcəyi dəqiq məkan, layihənin icra müddəti və yatırılacaq investisiyanın miqdarı isə  Zelenski tərəfindən hələlik açıqlanmayıb.

Xatırladaq ki, cari ilin fevralında Birləşmiş Krallıqda ilk Ukrayna hərbi sənaye müəssisəsi hesab edilən "Ukrspecsystems" şirkətinə məxsus PUA  istehsalı kompleksi fəaliyyətə başlayıb.

Aprel ayında isə rəsmi London 2026-cı ilə qədər Ukraynaya kəşfiyyat, zərbə, dəniz və logistika təyinatlı olmaqla, ümumilikdə 120 mindən çox pilotsuz uçuş aparatı tədarük etmək planlarını elan etmişdi.

visiontv.az