"Türkiyə və Azərbaycanla kommunikasiyaların açılması daha erkən baş tuta bilər"
27.06.2026

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib ki, İrəvan 2030-cu ilədək Türkiyə və Azərbaycanla sərhədlərin, eləcə də nəqliyyat kommunikasiyalarının açılacağına ümid edir.

Onun sözlərinə görə, bu, Cənubi Qafqazı Avropa ilə Mərkəzi Asiya arasında əsas bağlantı məntəqələrindən birinə çevirə bilər.

Kostanyan qeyd edib ki, kommunikasiyaların açılması daha erkən də baş tuta bilər. Çünki İrəvan regional nəqliyyat layihələri üzərində işi davam etdirir və qonşu ölkələr tərəfindən daha açıq yanaşma əlamətləri görür.

“Bizim baxışımız ondan ibarətdir ki, 2030-cu ilədək hazırda sərhədlərimizin bağlı olduğu iki qonşumuz - Türkiyə və Azərbaycanla açıq kommunikasiyalara və açıq sərhədlərə malik olacağıq”, - o bildirib.

Kostanyanın sözlərinə görə, Ermənistan amerikalı tərəfdaşlarla birlikdə TRIPP layihəsinin işə salınması üçün hüquqi hazırlığı yekunlaşdırır. Paralel olaraq layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır və əsas diqqət dəmir yolu komponentinə yönəldilib. Ölkə həmçinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi məsələsində Aİ ilə əməkdaşlıq edir.

Nazir müavini bildirib ki, ənənəvi ticarət marşrutlarının qeyri-sabitliyi və qlobal logistika zəncirlərindəki fasilələr Orta Dəhlizin əhəmiyyətini artırır və region dövlətləri üçün yeni imkanlar yaradır.

O, Azərbaycanın erməni yükləri üçün dəmir yolu əlaqəsini açmağa hazır olması barədə bəyanatlarına, eləcə də Türkiyə tərəfdən erməni mallarının Türkiyə ərazisindən tranziti imkanları ilə bağlı son siqnallara diqqət çəkib.

“Nəqliyyat əlaqəliliyinin inkişafı təkcə ticarətin artmasına xidmət etmir, həm də region ölkələri arasında iqtisadi qarşılıqlı asılılığı artırmaqla Cənubi Qafqazda sabitliyi möhkəmləndirir”, - Kostanyan deyib.

Nazir müavini əlavə edib ki, Ermənistan Orta Dəhlizin öz ərazisindən keçən hissəsində yüklərin maneəsiz hərəkətini təmin etmək niyyətindədir. Bunun üçün Aİ-nin dəstəyi ilə rəqəmsal həllərin və hüquqi bazanın daha da inkişaf etdirilməsi tələb olunacaq.

visiontv.az