Bakı şəhərində keçirilən beynəlxalq konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tərəfindən Türk Dövlətlərinin ortaq Süni İntellekt İnstitutunun yaradılması və mərkəzinin Bakıda yerləşdirilməsi təklif olundu. Bu təşəbbüs yalnız elmi və texnoloji deyil, həm də geosiyasi və strateji baxımdan ciddi əhəmiyyət daşıyır.
Amma vacib sual ortaya çıxır: Azərbaycan bu təşəbbüs üçün texnoloji baxımdan nə qədər hazırdır?
Süni intellekt sahəsində yüksək nəticə əldə etmək üçün ilk növbədə yüksək hesablama gücü – superkompüterlər, HPC klasterləri və müasir GPU infrastrukturu zəruridir. Azərbaycanda bu sahədə ilk təşəbbüslər mövcuddur, lakin genişmiqyaslı və dayanıqlı infrastruktur üçün hələ də ciddi sərmayələr və iradə tələb olunur.
Universitetlərin potensialı nəzəri bazaya əsaslansa da, tətbiqi tədqiqatlar və laborator mühitin gücləndirilməsinə ehtiyac var. Bu isə yalnız akademik proqramlarla deyil, real layihələr və sənaye əməkdaşlığı ilə mümkündür.
İstedadların ölkədə saxlanması da əsas çağırışlardan biridir. Gənc mütəxəssislərin beynəlxalq bazarlara axını reallıqdır. Onların ölkədə qalması üçün süni intellekt üzrə təqaüdlər, innovasiya mərkəzləri və inkubasiya proqramları təmin edilməlidir.
Əgər bu institut Azərbaycanda qurularsa, ölkə regionda süni intellekt sahəsində qərarverici və koordinator rolunu oynaya bilər. Bu, həm də rəqəmsal suverenliyin qorunması, milli təhlükəsizlik və texnoloji müstəqillik baxımından strateji əhəmiyyət daşıyır.
Nəticə olaraq, belə bir institutun yaradılması ideyası strateji baxışın göstəricisidir. Lakin bu təşəbbüsün reallığa çevrilməsi üçün texniki hazırlıq, elmi potensial və davamlı ekosistem vacibdir. Süni intellekt dövründə liderlik yalnız vizyonla deyil, həm də infrastruktur və insan kapitalına yatırımla mümkündür.
Elvin Abbasov
visiontv.az