Tehran vilayətinin Şəhriyar Şəhristanı Vətəndaş Vəziyyəti Qeydiyyatı Şöbəsi "Arka" adlı azərbaycanlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edib.
Bu barədə uşağın atası Adil Bağırzadə Balamın Adı kampaniyasına danışıb.
“Oğlum 2024-cü il sentyabrın 2-də Şəhriyarda anadan olub və onun üçün Arka adını seçmişik. Amma Şəhriyar Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin əməkdaşları bildiriblər ki, bu ad “Ad Seçim Sistemində” olmadığı üçün ona şəxsiyyət vəsiqəsi verməyəcəklər. Ancaq əvvəllər bu ada oğum haqqında şəhadətnamə verilməsi halları qeydə alınıb. Belə ki, 2019-cu ildə Təbrizdə övladlarına Arka adı ilə doğum haqqında şəhadətnamə almış ailə həmin doğum haqqında şəhadətnamənin surətini bizə təqdim ediblər. Biz bu sənədi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə təqdim etsək də, qurumun rəsmiləri bildiriblər ki, o zaman bu adla bağlı heç bir problem olmayıb, indi isə qeydiyyatdan keçmək üçün icazə almaq lazımdır! Halbuki rəsmilərin bu türk adına qarşı çıxmaq üçün heç bir tutarlı əsası yoxdur." - deyə Adil Bağırzadə bildirib.
Xatırladaq ki, bu hadisədən başqa, Təbriz Vətəndaşlıq Dairəsi 6 aydır ki, Həsən Rəzminin ailəsinə də "Arka" adına görə doğum haqqında şəhadətnamə verməkdən imtina edərək müxtəlif çətinliklər yaradır.
visiontv.az