Tehranın propaqandasında süni intellekt amili
17.03.2026

İran süni intellektlə böyük təbliğat müharibəsi başladıb.

ABŞ-ın kiber təhlükəsizlik sahəsində keçmiş rəsmisi bildirib ki, İran real döyüş meydanında uğursuzluqlardan sonra süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülərlə ABŞ-la müharibənin qlobal narrativini öz xeyrinə dəyişməyə çalışır.

Günaz TV-nin xəbərinə görə, ABŞ-ın Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin keçmiş rəhbər vəzifəlilərindən biri olan Bridget Bean Fox News telekanalına müsahibəsində deyib ki, İran hakimiyyəti süni intellekt alətlərindən istifadə edərək manipulyasiya olunmuş şəkillər və videolar hazırlayır. Məqsəd isə bu müharibədə guya üstün tərəfin İran olduğunu göstərməkdir.

O vurğulayıb ki, İran hərbi qarşıdurma ilə yanaşı geniş informasiya və təbliğat müharibəsi də aparır və bu məqsədlə yeni texnologiyalardan istifadə edərək dünya ictimai rəyinə təsir göstərməyə çalışır.

Keçmiş amerikalı rəsminin sözlərinə görə, süni intellekt vasitəsilə hazırlanmış saxta foto və videolar ictimai rəyi çaşdırmaq və döyüş meydanındakı vəziyyət barədə saxta təsəvvür yaratmaq üçün istifadə edilə bilər.

O xəbərdarlıq edib ki, bu cür informasiya əməliyyatları sosial şəbəkələrdə çox sürətlə yayıla bilər və müharibənin real mənzərəsi haqqında yanlış təsəvvür formalaşdıra bilər.

visiontv.az