Tehranın 180 dərəcəlik mövqe dəyişikliyinə heyrət etməmək olmur
24.04.2025

Bütün dünyanın diqqətinin İranla ABŞ arasındakı danışıqlara və onun ətrafında baş verən siyasi-diplomatik təmaslara yönəldiyi bir məqamda Tehrana maraqlı bir səfər də oldu:

uzun illər İranla çox gərgin münasibətlər yaşayan, yalnız son dönəmdə Çinin vasitəçiliyi sayəsində əlaqələri nisbətən normal məcraya düşən Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid bin Salman çoxları üçün gözlənilməz bir şəkildə İran paytaxtına gəldi. Tehranda böyük hörmət və təmtəraqla qarşılanan Xalid bin Salman İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Məhəmməd Bağeri, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan, ölkə prezidenti Məsud Pezeşkiyan və İranın ali rəhbəri Ayətullah Əli Xameneyi ilə görüşdü, o cümlədən Səudiyyə Ərəbistanı kralının məktubunu Xameneyiyə təqdim etdi. İran-ABŞ danışıqlarının Romada keçirilən ikinci raundu ərəfəsində baş tutan bu səfər İran mediası və ekspertləri tərəfindən müxtəlif cür şərh olunsa da, istər-istəməz cəmi bir neçə il öncə İran rəsmilərinin, xüsusən Əli Xameneyinin Səudiyyə Ərəbistanı haqqında sərt və təhqiramiz açıqlamaları da yada düşür. Həmin bəyanatları Xalid ibn Salmanla görüşdə söylənənlərlə müqayisə etdikdə, rəsmi Tehranın 180 dərəcəlik mövqe dəyişikliyinə heyrət etməmək olmur.

visiontv.az