Təbrizdə hava çirkliliyi - Xəbərdarlıq edildi
13.01.2025

Təbriz və ətraf bölgələrində hava çirkliliyinin səviyyəsi yenidən artaraq həssas yaş qrupları üçün təhlükəli həddə çatıb.

Bu barədə Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin Havanın Keyfiyyətinə Nəzarət Mərkəzi məlumat yayıb.

Məlumata görə, hazırda Təbrizdə havanın çirklilik dərəcəsi 148 civarındadır və yaşlı, ürək-damar və tənəffüs problemi olan şəxslər üçün əlverişsizdir.

Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin Havanın Keyfiyyətinə Nəzarət Mərkəzinin mütəxəssisləri bütün insanlara, xüsusən də ürək, böyrək və ağciyər xəstəlikləri olanlara, hamilə və süd verən qadınlara, qocalara və uşaqlara ebdə qalmağı tövsiyə edib.

Bildirilib ki, hava çirkliliyinin yanvarın 13-ə kimi davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Təbrizin havasının çirklənməsinin əsas amillərindən biri də İstilik Elektrik Stansiyasında dizel yanacağından istifadə edilməsidir.

Əyalət rəhbərliyi və İES-lərin məsulları İran Milli Qaz Şirkətinin Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün dizel yanacağından istifadə etməyə məcbur olduqlarını bildirirlər.

visiontv.az