Dünən Almaniyada fəaliyyət göstərən "Medina" dərnəyinin, Nürnberqdə yerləşən "Türk Tarixi və Mədəniyyətləri Muzeyinin təşkilatçılığı ilə "Dünya Bilgi Platformu Sunar" da Sərdarlı ailəsinin yaratdığı" Dərələyəzim" əsərinə həsr edilmiş " Türk dünyası kültürel miras eserleri-- Dereleyezim" adlı elmi praktik konfrans keçirilmişdir.
Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin İnformasiya mərkəzindən Visiontv.az-a verilən məlumata görə, konfransda əvvəlcə əsərin müəllifləri Azərbaycan Rəssamlar İttifaqının üzvləri, dekorativ tətbiqi sənət ustaları, Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri Lalə Sərdarlı, araşdırmaçı jurnalist, layihə kordinatoru İsgəndər Sərdarlı, İctimai birliyin "Yeni texnologiyaların incəsənətdə tətbiqi bölməsinin rəhbəri, Türkiyənin Topqapı Universitetinin magistiri, dizayner dekorator Toğrul Sərdarlı məruzə ilə çıxış etdilər.
Məruzə çıxışında Lalə Sərdarlı təmsil etdiyi təşkilatın məqsəd və məramı, Qərbi Azərbaycanın mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirdiyi layihələr haqda qısa bilgilər verdikdən sonra "Dərələyəzim" əsərinin bu günədək keçdiyi həyat yolundan danışdı.
Toğrul Sərdarlı bu cür əsərlərin yaranmasında yeni texnolgiyaların rolundan, səmərəliliyin artırılması üçün gənc sənətkarların daha çox diqqət etməli amillərdən danışdı.İsgəndər Sərdarlı isə çıxışında cənab Prezident İlham Əlievin iki il əvvəl Qərbi Azərbaycan icmasınasının istifadəsinə verilmiş yeni məkanda Qərbi Azərbaycanlıların ən ləyaqətli təmsilçiləri ilə keçirdiyi tarixi görüşünün əhəmiyyətini çoxsaylı konfrans iştirakçılarına öz baxış bucağından xarakterizə etmiş, bir vətəndaş, sənətkar olaraq üzərlərinə düşən vəzifələrdən, məsuliyyətdən danışdı. Eyni zamanda o, "Dərələyəzim" əsərinin yarandığı tarixi şəraitdən doğan mətləbləri, onun üzərində daşıdığı hekayənin hikmətini anlatdı.
Məruzələr zamanı Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin ərsəyə gətirdiyi "Zəngəzur sənətkarlığı" layihəsi çərçivəsində hazırladıqları" Turan Yolu Zəngəzurum" adlı videoçarx da nümayiş etdirildi.
Konfrans iştirakçısı, tanınmış İrəvan ziyalısı, "Vətəndaşların Sosial Rifahı Naminə" İB-nin sədri İradə Rizazadə çıxışında Qərbi Azərbaycanın zəngin mədəni irs nümunələrinin həm də Türk dünyasının mirası olduğunu şərtləndirən mövzunu Dünya Bilik platformasında gündəmə gətirilməsinin əhəmiyyətini xüsusu vurğulayaraq təşkilatçılara- "Türk Tarixi və Mədəniyyətləri "Muzeyinin qurucusu Cəmaləddin Özdəmirə,konfransa moderatorluq edən Almaniyadakı "Medina" dərnəyinin Azərbaycan təmsilçisi Anar Rzayevə hədsiz minnətdarlığını bildirdi. Daha sonra o, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki fəaliyyətlərinin məzmunu barədə iştirakçıları məlumatlandırdı. Eyni zamanda Sərdarlı ailəsinin yaradıcılığından və onların yaratdıqları Sərdar Sandıq Ocağının önəmindən danışaraq bacardıqları qədər bu sənətkar ailəsinə dəstək olacaqlarını bildirdi.
Öz növbəsində Cəmaləddin Özdəmir də İradə xanıma konfransa qatıldığına, çıxışına görə səmimi qəlbdən təşəkkürünü bildirib iştirakçılara Almaniyada yaradıcısı olduğu muzeydən Qərbi Azərbaycan ərazisində mövcud olmuş, hələ İrəvan Xanlığından da əvvəlki ,eləcə də sonrakı dövrlərə aid olan çox qiymətli eksponatları, pul sikkələrini nümayiş etdirərək xüsusi bilgilər verdi.
Sonda "Dərələyəzim" əsərinin müəllifləri olan Sərdarlılar konfrans iştirakçılarına onların fəaliyyəti və yaradıcılıqlarına göstərdikləri diqqətə, yazdıqları rəylərə görə, təşkilatçılara Azərbaycan, Türk mədəni irsinin qoyunması və təbliği işlərinə verdikləri mühüm töhvəyə görə minnətdarlıqlarını bildirdilər.