Sidneydəki hücumu törətməkdə şübhəli bilinənlər İŞİD-dən ilhamlandığı deyilir
17.12.2025

Sidneydə Bondi çimərliyində 15 nəfərin ölümü ilə nəticələnmiş hücumdakı iki şübhəlinin "İslam Dövləti" (İŞİD) qruplaşmasından ilhamlandığı görünür. Bunu polis dekabrın 16-da bildirib.

Dekabrın 14-də Hanukka tədbirini hədəfə almış hücum yəhudi icmasına qarşı terror aktı kimi təhqiq edilir, - Reuters yazır.

Silahlılardan biri daxil olmaqla ölü sayı 16-dır. Onun 50 yaşlı Sacid Akram olduğu müəyyənləşdirilib. Hücumu onunla birlikdə törətdiyi bildirilən 24 yaşlı oğlu Navid Akram da güllələnib, hazırda xəstəxanada ağır durumdadır.

Avstraliya polisi onların ötən ay Filippinə getdiyini, səyahətin məqsədinin araşdırıldığını bildirir. Filippin rəsmiləri də bu səfəri təsdiqləyib.

Ata Hindistan, oğul Avstraliya pasportu ilə səyahət edib.

"İslam Dövləti"nə bağlı şəbəkələrin Filippində, ölkənin cənubunda fəaliyyət göstərdiyi bəllidir.

"İlkin əlamətlər terror hücumunun "İslam Dövləti"ndən qaynaqlandığını göstərir, ata və oğul tərəfindən törədildiyi bildirilir", – polis komissarı Krissi Barret deyib.

Təxminən 10 dəqiqə çəkən atışmada ata və oğulun festivalda yüzlərlə adama atəş açdığı deyilir, adamlar çaxnaşma içində qaçmağa başlayıblar.

Yayılan videolarda oğulun Sidney ətrafında, dəmiryol stansiyalarından kənarda İslamın təbliği ilə məşğul olduğu görünür. Rəsmilər onun zorakılıq yoluna necə keçdiyini araşdırırlar.

Avstraliya silah qanunlarını sərtləşdirməyi planlaşdırır

Avstraliya dekabrın 15-də bildirib ki, silah qanunları sərtləşdiriləcək. Sidneydə Bondi çimərliyində ata və oğulun 15 nəfəri qətlə yetirməsi ölkədə son 10 ildə ən ağır silahlı insident sayılır.

50 yaşlı ata hadisə yerində öldürülüb və ümumi ölü sayı 16-ya çatıb. Onun 24 yaşlı oğlunun durumu isə ağır, amma sabitdir. Məlumatı polis yayıb.

Hücumdan sonra 40 nəfər xəstəxanaya yerləşdirilib, ikisi polis əməkdaşıdır.

Hücum edənlərin adları açıqlanmayıb, amma atanın 2015-ci ildən silah lisenziyası, qeydiyyatdan keçmiş altı silahı olduğu bildirilir. ABC və digər yerli media orqanları hücum edənlərin Sacid Akram və Navid Akram olduğunu müəyyənləşdirib.

Ata 1998-ci ildə Avstraliyaya tələbə vizası ilə gedib, oğlu isə bu ölkədə doğulub.

Silahlıların avtomobilində "İslam Dövləti" qruplaşmasının iki bayrağının tapıldığı bildirilir.

Bu ölümcül insident ölkənin silah qanunları barədə suallar yaradıb. Avstraliya dünyada ən sərt silah qanunlarının mövcud olduğu ölkələrdən biridir.

Baş nazir Entoni Albaniz deyib ki, hökumətdən icazə verilən silah sayına limiti, lisenziyanın qüvvədə olduğu müddəti nəzərdən keçirməsini istəyəcək.

"Adamların şəraiti dəyişə bilər. İnsanlar zaman keçdikcə radikallaşa bilərlər. Lisenziyalar daimi əsasda verilməməlidir", – o deyib.

visiontv.az