Şəxsiyyəti ikiləşən bir lider...
Şəxsiyyəti ikiləşən bir lider...
03.06.2023 Bəybala Mirzəyev Tərəfindən

Belarus prezidenti Aleksandr Lukaşenko 2020-ci ilə qədər olan dövrdə hər daim Rusiya prezidenti Vladimir Putini əsəbləşdirən, cırnadan açıqlamalar verirdisə, son 3 ildə isə kursunu tamamilə dəyişərək az qala Putinin köməkçisi və ya mətbuat katibi qismində çıxış edir.

İndiki Lukaşenko ilə əski Lukaşenko tam fərqli tiplərdir. 

Elə ona görə də indiki Lukaşenkonun, "Rusiya 2014-cü ildə Ukraynanı ələ keçirməli idi" tipli bəyanatlar səsləndirməsinə əsla təəccüblənmirik. 

Baxın, bu cür absurd fikirləri yalnız başı "qaçmış", şəxsiyyəti ikiləşmiş şəxslərin ağzından eşitmək mümkündür:

"Rusiya 2014-cü ildə Ukrayna Silahlı Qüvvələrinin döyüşə hazır olmadığı bir vaxtda Ukraynanı tam ələ keçirməyəndə səhvə yol verdi. Həmin vaxt Rusiya Federasiyası Ukraynanı tamamilə ələ keçirməli idi. Çünki 2014-2015-ci illərdə Ukraynanın nə ordusu, nə də hazırlığı var idi. Bəlkə də yeganə səhvimiz o idi ki, belə məqamda məsələni həll etməmişik. Hamı bunu hansısa sülh yolu ilə həll etmək istəyirdi. Ukrayna bu müddət ərzində döyüşə hazır silahlı qüvvələr yaratdı. Ona görə də Ukrayna məsələsini illər öncə Krımla birlikdə həll etmək lazım idi".

Ancaq məsələnin paradoksal tərəfi ondadır ki, 2014-2015-ci illərdə Lukaşenko özü də müstəqil dövlət başçısı qismində çıxış edir və Belarusun Rusiyadan asılılığını maksimum dərəcədə azaltmağa, Qərblə münasibətləri yaxşılaşdırmağa çalışırdı. 

Bu gün Belarus prezidenti, "Rusiya 2014-cü ildə Ukrayna Silahlı Qüvvələrinin döyüşə hazır olmadığı bir vaxtda Ukraynanı tam ələ keçirməyəndə səhvə yol verdi" fikrini dilə gətirməklə əslində özünün  dünənki siyasətinə tüpürmüş olur və o vaxtkı Lukaşenkonun da üstündən xətt çəkir. 

Bugünkü Lukaşenko əsla səmimi deyil. Bunu Putin özü də yaxşı bilir. Və Putinə məhz belə bir Lukaşenko - "lakey" və "satellit" Lukaşenko sərfəlidir. 

Lakin bütün hallarda bir siyasətçinin bu dərəcədə miskinləşməsi həqiqətən də təəssüf hissi doğurur.  

P.S.
Frans Kafka sağ olsaydı yəqin ki, Lukaşenkonun baş personaj olduğu "Metamorfoza-2" əsərini yazardı.

Bəybala Mirzəyev

Visiontv.az