Rusiya XİN Azərbaycanda rus dilinin necə təbliğ olunduğunu araşdıracaq
09.07.2025

Rusiya İctimai Rəyi Araşdırma Mərkəzi (VTsIOM) Xarici İşlər Nazirliyinin (XİN) sifarişi ilə xaricdə, özəlliklə Azərbaycanda rus dilinin necə təbliğ olunduğunu öyrənmək üçün sosioloji tədqiqat aparacaq. Rusiyanın "Vedomosti" qəzeti VTsIOM-un 34.8 milyon rublluq tenderi udduğunu yazır.

Belə bir tədqiqatın aparılmasına Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin təsiri olubmu? VTsIOM-un baş direktoru Valeri Fyodorov bu suala belə cavab verib: "Eskalasiyalar gəlir, gedir"... O, tədqiqatın hələ başlamadığını, tenderi təzəlikcə udduqlarını, hələ müqavilə bağlandığını söyləyib.

Özbəkistan, Venesuela, Hindistan, Çin, BƏƏ-də də rus dilinə dəstək məqsədilə keçirilən tədbirlərin effektini öyrənəcəklər. VTsIOM əhatə dairəsini genişləndirərək İsrail, Hindistan, Qazaxıstan, Çin, Kuba və Misirdə də rus dilinin vəziyyətini öyrənib.

Sosioloji sorğu zamanı hər bir ölkədə azı 1500 respondentin fikri telefon söhbəti, azı min nəfərin rəyi isə birbaşa müsahibə yoluyla soruşulacaq.

Ekspertiza aparılacaq, tövsiyələr hazırlanacaq

VTsIOM həmçinin xaricdə rus dilindən necə istifadə olunduğunu ekspertizadan keçirəcək, sözügedən ölkələrdə onun cəlbediciliyini artırmaq üçün tövsiyələr hazırlayacaq. Ekspertizanı linqvistika, beynəlxalq münasibətlər, kulturologiya və media sahəsi üzrə 10 mütəxəssis aparacaq. Daha sonra Moskvada tematik dəyirmi masa keçiriləcək.

"Vedomosti" qeyd edir ki, xaricdə rus dilinin təbliği ilə XİN, "Rossotrudniçestvo", digər qurumlar məşğul olur. "Rossotrudniçestvo"nun təmsilçisi olan "Rus Evi" Bakıda bu ilin əvvəlində bağlanıb. Rəsmi Bakı bunu təmsilçiliyin hüquqi qeydiyyatının olmaması ilə izah edib.

Qəzet Qazaxıstanda hazırda 3 min 606 rusdilli məktəb olduğunu yazır. Özbəkistanda rusdilli və qarışıq məktəblərin sayı mindən yuxarı, Qırğızıstanda 751, Tacikistanda 200, Türkmənistanda 71-dir.

visiontv.az